İlahə Şəms

 

 

   Şəhid Anası
   

   Qərənfil yağışı yağır dörd yana,
   Ananın göz yaşı yağışdan betər.
   Sanki dəniz içrə adadır Ana -
   Yan alsan, qəlbini odlayıb-ütər.
   Anım keşiyində bəs kim qalası?!
   Sən Allah ağlama, şəhid Anası!
   
   O Yanvar, Xocalı, bu da Qarabağ…
   Ananın başında dümağ qara bax,
   Bu məzar üstündə ağlar yara bax,
   Biri odlanası, biri yanası -
   Sən Allah ağlama, şəhid Anası!
   
   O, kamsız gedibdi - cavan yaşında,
   Toyu da, yası da məzar daşında,
   Bir məna gizlədib çatma qaşında:
   "Sən nəvəsiz, mənsə sonsuz qalası…"
   Sən Allah ağlama, şəhid Anası.
   
   Oğlun gedib - tənha qalmasın Vətən,
   Oğlun deyib şəhid olmasın Vətən,
   Başını aşağı salmasın Vətən,
   O, həm sənin, həm də Vətən balası -
   Sən Allah ağlama, şəhid Anası,
   Aləmi dağlama, şəhid Anası!..
   
   
   Söylə
   
   Sən gedən gündən bəri
   Solub könül güllərim.
   Səni unutmağımçün
   Heçə verdim illəri.
   Mən nə çarə eyləyim,
   Söylə, axı neyləyim?
   
   Daha vaxtı oxşayan
   Olsa da bir həmdəmim,
   Könlümdə təkcə sənsən -
   Səninlədir hər dəmim,
   Söylə, axı neyləyim?
   
   Günüm keçir ah-zarla,
   Yanğı-sıxıntılarla.
   Aldadıram özümü
   Gerçəksiz xəyallarla
   Qıyma canıma dəyim,
   Söylə, axı neyləyim?
   
   
   Sənin yarınam
   
   Biganə yanaşdım sənin sevginə,
   Xal saldım o təmiz, o saf qəlbinə,
   Daha səbrim dözmür sənin səbrinə,
   Daha susmaz bir kamanın, tarınam -
   Gəlmişəm deməyə: sənin yarınam.
   
   İllərlə dolandın arxamca səssiz,
   Sən daim kükrəyən, mənsə həvəssiz,
   Könül bülbülünü qoruq-qəfəssiz
   Qoydun ki, sevgiyə batıb-barınam?
   Gəlmişəm deməyə: sənin yarınam.
   
   Bağışla, əzizim, baxar kor oldum,
   Səni də soldurdum, özüm də soldum,
   Bu gecə düşündüm - yamanca doldum,
   Obaşdan oturub ah-uflanıram,
   Gəlmişəm deməyə: sənin yarınam.
   
   Daha inandım ki, yalan deyilsən,
   Sevgiyə biganə qalan deyilsən,
   Yaşı da nəzərə alan deyilsən -
   Daha mən, daha mən… "qoca qarı"nam -
   Gəlmişəm deməyə: sənin yarınam!

   Möhtacam
   
   Aylar topalanıb ilə gələrək,
   Qonaq hicran vüsalgilə gələrək,
   Bəmim zilə, zilim dilə gələrək -
   Bir ilıq sevginə möhtacam, deyir.
   
   Şəklinə həsrətlə, ahla baxaraq,
   Eşqim qıjov axarıyla axaraq,
   Sevgim şimşək çaxışıyla çaxaraq
   Bir ilıq sevginə möhtacam, deyir.
   
   Gülüm güllüklərdə quraqlayaraq,
   Dilim hey adını sayaqlayaraq,
   Əlim ötənləri varaqlayaraq -
   Bir ilıq sevginə möhtacam, deyir.
   
   
   
   Gərək
   
   Məhəbbət - bir coşqun sahilsiz dəniz -
   Gərək çalışasan batmamaq üçün.
   Bütün duyğulardan müqəddəs, əziz -
   Çalış ha - günaha batmamaq üçün.
   
   Məhəbbət - ən dadlı duyğu nəşəsi,
   Ağladıb-güldürmək - işi-peşəsi.
   İtidi nizəsi, oxu, tişəsi -
   Gərək yayınasan - batmamaq üçün.