Qismət: “Bizim ədəbiyyatda əksər adamların yaradıcılığında şizofreniyanın əlamətləri var”
   
   Artıq 2009-cu ili başa vurmaqdayıq. Hesabat almağın vaxtı çatıb. Biz də ədəbiyyat adamları ilə eyni suallar üzərində hazırladığımız kiçik müsahibələrdə yekunlaşmaqda olan ədəbi ilə nəzər salacaq, uğurları və çətinlikləri saf-çürük etməyə çalışacağıq. “Ədəbi yekun» rubrikasında növbəti qonağımız gənc şair Qismətdir.
   
   - Günümüzün ədəbiyyatında şeirin yeri haradadır? Bəs siz özünüz yaradıcılığınızı hansı bucaqda təsəvvür edirsiniz?
   
   - Hazırkı dünyada poeziya bir o qədər də arzuolunan yerdə deyil. Təkcə Azərbaycanda müəyyən mərhələdə kütləvi şəkildə şeir kitabları dərc olundu. Bu təkcə kitab formasında baş vermədi. Həm də şeir jurnal, qəzet səhifələrini də istila elədi. Nəticədə nə baş verdi? Nəticədə şeir adıyla camaata sırınan yazılar o qədər çox oldu ki, artıq heç kim bu yazılara əhəmiyyət vermədi. Kiçik bir kağız parçasına bir ünvan yazıb veriblər ki, şeir ordadı. Biz də təxmini bildiyimiz o ünvanın ətrafında ondan-bundan soruşa-soruşa şeiri axtarırıq. Axtara-axtara qəribə şeylərin şahidi oluruq. Həmin ünvanı dəyişiblər, özünü plana salıblar ki, söksünlər. Deyəsən, get-gedə şeirin muzeyini yaradıb, biletlə ekskursiyalar təşkil edəcəklər. Qaldı ki, mənim yazdıqlarımın hansı bucaqda olmağına, mən çalışıram ki, virus-şeirlər yazım ki, camaat şeirə yoluxsun. Bilirsən, şairə konkret vəzifələr yükləmək olmaz. Çünki şeir avtomobil qəzasına bənzəyir. Sən yolun kənarında dayanırsan, o gəlib səni vurub gedir, ya da sən özünü şeirin altına atırsan. Amma indiki dünyada şair təkcə qəzaya düşməməlidi, o həm də adamlara “qəzanı” sevdirməlidi.
   
   - Müasir poeziyamızda daha çox səthilik hiss edilirmi?
   
   - Məncə, sənin sualının içində həm də cavab var. Əslində dolayı yolla düşündüyün şeyin sual variantını mənə təqdim edirsən. Bəli, var. Bilirsən xəngəl yemək, araq içmək və hər şeyi, hamını lağa qoymaqla poeziya olmur. Amma bizim poeziyada bu çoxdur. Bizim ədəbiyyatda şairlər 3-4 kitab oxuyan kimi və 5-6 ala-babat şeir yazan kimi elə bilirlər ki, artıq klassikdirlər. Başlayırlar müsahibələr verməyə, şərhlər yazmağa ki, mənim şeirimin formasından, strukturundan dünyada yoxdur. Mən hamınızı məhv eləyərəm. Məni hələ heç kim kəşf etməyib. Məni öləndən sonra anlayacaqlar və s. Bu tipli şizofreniya əlamətləri olan bəyanatlar. Bizim ədəbiyyatda əksər adamların yaradıcılığında şizofreniyanın əlamətləri var. Bu yaradıcı şizofreniya deyil, bu əməlli-başlı tibbi həqiqətdir.
   
   - Şair gələcək hədəflərindən danışa bilər?
   
   - Yaxşı bir şeir kitabı çap etdirmək istəyirəm. Nəzərdə tutduğum konsepsiyanı reallaşdırmağa istedadım, gücüm çatsa, ümid edirəm ki, maraqlı olacaq. Amma bu yəqin ki, yaxın zamanda olmayacaq.
   
   - Ədəbi gənclik-yaşıdlarınız sizdən hansı acı təcrübələri öyrənməməlidirlər, bu baxımdan tövsiyəniz...
   
   - Universitetdə tələbə olarkən bir şeir kitabı çap etdirmişdim. Elə bilirdim ki, nəinki Azərbaycanın, dünyanın ən böyük şairi mənəm. Sadəlövhlüyün xoşbəxtlik tərəfi də var. Sonra o kitabın, o şeirlərin, mənim o özüməvurğunluğumun, ədəbazlığımın nə qədər anlamsız olduğunu başa düşdüm. O kitabdan, o şeirlərdən, o ədəbaz oğlandan imtina elədim. Klassik-filan deyiləm ki, kiməsə tövsiyə edim, amma onu deyə bilərəm ki, tələsməsinlər. Şeiri də, kitabı da “dəmə” qoymaq lazımdır.
   
   - Poema bir janr kimi ortada yoxdur, səbəbi?
   
   - Bu, məncə, daha çox vaxtla bağlıdır. Poemanın yaranması, mənə görə, oxumaqdan çox, dinləməklə bağlıdır. Ağsaqqal-nağılçılar daha yoxdur. Həm də dünyanın sürəti artıb, vaxt isə məhdudlaşıb. Poema karvan yolu kimidir. İndi isə Formula-1 dövrüdür. Dar küçələrdə şütüyən xarici maşınlara bax. Poema bu yollarda yeriyə bilməz.
   
   - Həyatınızda ədəbiyyatdan daha əvvəl nə var?  

 - Mənim üçün həyat ədəbiyyatdan əvvəl və ədəbiyyatdan sonra deyə bölünmür. Hər şey ədəbiyyatdır. Ondan qeyri heç nə yoxdur. Ailə də, dostlar da, sevgililər də, nə bilim, ağla gələcək hər şey ədəbiyyatdır. Ədəbiyyat mənə görə oksigensiz bir yerdə ağzını kiçik bir oksigen balonuna dirəyib nəfəs almağa bənzəyir. Bu təkcə dəliyin ölçüsü ilə yox, həm də nəfəs almağa çalışanın oksigeni darta bilmək gücü ilə bağlıdır.
   
   - İlin sonuna yaxınlaşırıq. Bu ilin ədəbi uğuruna görə hansı ədəbi yazarımızı virtual Nobellə təltif edərdiniz?
   
   - Düşünmədən deyim. Son şeirləri və yazılarına görə Səlim Babullaoğlunu.
   
   - Şair üçün nasirləri tənqid etmək imkanı. Nəsrimiz ədəbiyyatımızın zəif bənddidirmi?
   
   - Azərbaycan nəsri çox lokal mövzuların ətrafında fırlanır. Əyalət mövzularından çıxa bilməmişik. Əyalətdən bəziləri şəhəri yazmaq istəyir, bu isə alınmır. Bizim nasirlərin bəzilərinin mövzuları alma ağacının ətrafında mübahisə eləyən Adəmlə Həvvanın əhvalatını xatırladır. Fərq ondadır ki, bu dəfə almanı təklif eləyən Adəmdir. Dərd burasındadı ki, yaza bilmirlər. Bu tipli ədəbiyyatda iki halda yaranır. Birincisi, konkret həyati təcrübəyə söykənən və ustalıqla ifadə olunan mətnlər. Məsələn, Cemal Süreyanın şeirləri, nəsrdə Orxan Pamukun «Məsumiyyət Muzeyi» kimi. İkinci isə təcrübəsizliyini, daha doğrusu, arzuladığı situasiyaların reallaşmaması ilə bağlı problemlərini özü də bilmədən mətnə gətirənlər.
   
   - Ədəbiyyat və televiziyamız... Bu gün onlar nə qədər “doğma”dır?
   
   - Bu gün onlar çox ögeydir. Elə bil bizi illər boyu bir evdə böyüdüblər ki, o evdə biz kişiyə ata, bir qadına ana demişik. Amma böyüyəndə məlum olub ki, biz əslində yetimxanadan götürülmüş uşaq kimi bu evə, bu ailəyə ögey adamıq.
   
   - Şairlik sizdən nələri aldı və nələri verdi?
   
   - Şairlik məndən normal adamlar kimi yaşamağı aldı. İşləmək, bu işdən zövq almaq, evlənmək, ailə-uşaq sahibi olmaq və s. Bu qəbildən olan məsələlər barədə dünyanın ən vacib məsələsiymiş kimi düşünmək qabilliyətini aldı. Nəyi verdi? Onu verdi ki, qapı cırıltısını musiqi kimi dinləyə bilirəm.
   
   Söhbətləşdi: Sabutay