Böyük uğurların, yeniliklərin baş verəcəyi bildirilən 2009-cu il iki gündən sonra tarixə qovuşacaq.
   Bu il də digər illər kimi, kimisi üçün düşərli oldu, kimisi üçün düşərsiz. Bu fərq və «rəngarənglikləri» öyrənmək məqsədi ilə paytaxt sakinləri arasında sorğu keçirdik. Respondentlərimizin bu ilin yadda necə qalması barədə fikirləri kifayət qədər haçalı və bir-birindən fərqlidir. Onlara aşağıdakı suallarla müracət etmişdik:
   1. 2009-cu il hansı hadisələrlə yadda qaldı?
   2. Hansı tədbiri “2009 -cu ilin mədəniyyət hadisəsi” hesab etmək olar?
   
   Cavanşir Qəmbərov (təqaüdçü):
   1. İl daha çox problemlərlə yadda qaldı.
   2. İndi soruşursuz ki, hansı hadisəni ilin mədəniyyət hadisəsi hesab etmək olar. İnsanın ağlına gələnlər TV kanallarda təqdim olunan “sou-biznes” və o hay-küylü qalmaqallar olur. Sonra da düşünürsən ki, bu mədəniyyət hadisəsi deyil. Yaddaşını vərəqləyirsən-vərəqləyirsən ki, mədəni hadisə xatırlayasan. Mənim yadımda nə qalar? Təbliğ olunanlar, göstərilənlər. Bakı 2009-cu il İslam mədəniyyəti paytaxtı idi. Bu qalıb yadımda. TV kanallar ara-sıra bu layihə ilə bağlı xəbərlər verirdilər. Düşünürəm ki, hər hansı kanalda sırf bu layihə ilə bağlı həftədə bir dəfə veriliş getsəydi, daha yaxşı olardı. Camaat baxıb görərdi ki, nə olub, nə olmayıb?!
   
   Təranə Bayramova (müəllimə):
   1. Ömürdən gedən daha bir il kimi. Nəsə maraqlı, qeyri-adi heç nə olmadı.
   2. Azərbaycanın “Eurovision-2009” dakı çıxışı. Çox bəyəndim. Üçüncü yer qazanmağımız bu yarışda ikinci dəfə iştirak edən ölkə kimi böyük uğur deməkdir, məncə. İnşallah, gələn il orada mədəniyyətimiz daha gözəl təbliğ olunar.
   
   Rafiq İslamov (jurnalist):
   1. Türkiyə ilə Azərbaycan arasında xarici qüvvələrin yaratmaq istədikləri xoşagəlməz münasibətlərlə. Hamının Qarabağ konfliktiylə bağlı danışıqlardan nəticə gözlədiyi bir vaxtda Azərbaycan bu il yaxın tərəfdaşı və qonşusu Türkiyə ilə münasibətlərində Ermənistanla sərhədlərin açılışına dair protokollar səbəbindən böhran ab-havası yaşadı.
   2. Məncə, bu ilin mədəni hadisəsi Bakıda İSESKO-nun və TÜRKSOY Daimi Şurasının toplantılarıdır.
   
   Nərgiz Hüseynova (evdar xanım):
   1. Sakit keçdi. Bir yaş da böyüdüm. Qocaldım da demək olar.
   2. Bu ilin mədəni hadisəsi dünyada ilk dəfə olaraq Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalıdı.
   
   Elnur Kazımov (müvəqqəti işsiz):
   1. Neft Akademiyasında törədilən terror. Azərbaycan ictimaiyyəti bu hadisənin şokundan bir müddət çıxa bilmədi.
   2. İndi ağlıma heç bir mədəni hadisə gəlmir.
   
   Kamal Ağayev (musiqi müəllimi):
   1. Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ilə.
   2. İlin mədəni hadisəsi də elə Bakının İslam mədəniyyətinin paytaxtı layihəsi çərçivəsində keçirilən tədbirlərin əksəriyyətidir. Muğam festivalı, sonra “Cavad xan” filminin təqdimatı, konfranslar və s.
   
   Samirə İsmayılzadə (həkim):
   1. Azərbaycanın “Eurovision”dakı çıxışı ilə yadda qaldı. Ölkə bu il «Eurovision-2009» mahnı müsabiqəsində qazandığı nailiyyətlə dünya musiqi tarixinə düşdü.
   2. İlin mədəniyyət hadisəsi, Azərbaycanda muğam festivalının keçirilməsidi. Bu çox geniş şəkildə təbliğ olundu, ictimaiyyətə çatdırıldı. İnşallah, gələn illərdə də belə festivalların keçirilməsi davam edər.
   
   Aslan Əliyev (operator):
   1. Heç hiss etmədim ki, 2009-cu il hardan gəldi, hardan getdi?
   2. Mədəniyyət hadisəsi deyəndə, Bakı İslam mədəniyyətinin paytaxtı elan olunub. Elə bunun özünü mədəniyyət hadisəsi hesab etmək olar.
   
   Yaşar Cəfərov (jurnalist):
   1. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davosda keçirilən Dünya İqtisadi Forumunu yarımçıq tərketmə jesti.
    2. Bakıda TÜRKSOY-un təşkilatçılığı ilə “Koroğlu” operasının təqdimatı. Tamaşaya baxdım. Çox xoşum gəldi. Mənim üçün bu ilin mədəniyyət hadisəsi bu tamaşanın nümayişi oldu. Çox qürur duydum.
   
   Sveta Aslanova (mühasibatçı):
   1. Bu il, demək olar ki, əvvəlki illərdən köklü surətdə fərqlənmədi. Düzdür, böhran şəraitində yaşadıq, dünyada baş verən iqtisadi problemlər Azərbaycana da təsir etdi. Amma uğurlu il saymaq olar.
   2. Mədəniyyət hadisəsi məsələsinə toxundunuz. Bir məsələ barədə fikirlərimi sizinlə bölüşmək istəyərdim. Bu ilin mədəniyyət hadisəsi deyəndə ağlıma o dəqiqə nəsə gəlmir. Həqiqətən çox istərdim ki, sözün həqiqi mənasında Azərbaycan mədəniyyətini və baş verən mədəni hadisələri ictimaiyyətə çatdıran kanal olsun. Sözün düzü, bu gün mədəniyyət sahəsində işlər görülür. Amma ötəri, qısa xülasə şəklində təqdim olunur. Həmin görülən işlərin geniş, əhatəli şəkildə təbliğ olunmasını istərdim. Mən özüm də mədəniyyət işçisiyəm. İnanın ki, mədəniyyət sahəsində nələr olub onları daha çox bu sahədə çalışan adamlar bilir.
   Televiziya kanallarında göstərirlər ki, filan şadlıq sarayında nə olacaq. Hansı şou-proqram olacaq. Qoy bir dəfə də göstərsinlər ki, hansı tamaşa, sərgi, konsert, kino olacaq. Mən kitabxana sahəsində çalışdığım üçün, bu ilin mədəniyyət hadisəsi kimi Bakıda keçirilən kitab festivalını hesab edirəm. Bilirsiniz ki, bu festival «Bakı-İslam mədəniyyəti paytaxtı” layihəsi çərçivəsində reallaşdı. 

Turan