Aprelin 25-də Xalq şairi Rəsul Rzanın Göyçaydakı ev-muzeyində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş “100 illik şanlı tarix” başlıqlı tədbir keçirilib.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə kollecin dil-ədəbiyyat müəllimi Ramilə Səlimova əvvəlcə Naxçıvan şəhərinin yaranma tarixindən bəhs edib. Bildirib ki, 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılması tarixi, siyasi, hərbi və ictimai zərurətdən doğub. 1917-ci ildə Oktyabr çevrilişindən sonra Rusiyanın müstəmləkə xalqları öz milli dövlətlərini yaratmaq uğrunda mücadilə etməyə başladılar. Cənubi Qafqazın yerli xalqları – Azərbaycan türkləri, gürcülər öz milli dövlətlərini yaradarkən ermənilərin xarici imperialist havadarları tarixi Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan dövlətini yaratdılar. Heç bir tarixi kökə malik olmayan, süni şəkildə yaradılan bu dövlətin ilkin ərazisi 9 min kvadrat kilometr idi. Yarandığı ilk gündən bu qondarma dövlət Göyçə mahalının, Zəngəzurun və digər tarixi Azərbaycan torpaqlarının hesabına öz hüdudlarını genişləndirərək Qarabağ və Naxçıvan ərazilərinə qarşı da iddia irəli sürürdü. Qardaş Türkiyənin də dəstəyi ilə Naxçıvanın Azərbaycanın tərkibində olmaqla muxtariyyət statusu beynəlxalq səviyyədə tanındı.

Qeyd olunub ki, Naxçıvan bölgəsi qədim tarixi, maddi mədəniyyət abidələri ilə zəngindir. Burada görkəmli fikir, söz bahadırları, siyasi, dövlət və hərbi xadimlər, tişə və fırça ustaları dünyaya göz açıb.

Sonra tələbələrin mövzu ilə bağlı məruzələri dinlənilib.

Sonda NMR-in 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub, Naxçıvanın ədəbi mühiti nümayəndələrinin nəşrlərindən ibarət sərgiyə baxış keçirilib.