Xəbər verdiyimiz kimi, Şəkidə «Prezident kuboku uğrunda» ənənəvi çövkən turnirinə yekun vurulub. Hər il prezident İlham Əliyevin ad günü ərəfəsində təşkil olunan turnirin bağlanış mərasimindən sonra milli atüstü oyunlarımızı əhatə edən yarış haqqında ətraflı məlumat üçün Şəkidə yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Rafiq Ramazanova müraciət etdik.
   
    - Rafiq müəllim, tədbir necə keçdi, hansı komandalar milli atüstü oyunlarımızın qalibləri oldu?
   - Bildiyiniz kimi, bu tədbir Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə təşkil olunur. Yeri gəlmişkən, çövkənin milli oyun kimi yenidən yaddaşlara qayıtmasında Mədəniyyət və Turizm Nazirliyinin qeyri maddi-mədəni irsimizlə bağlı həyata keçirdiyi layihələrin böyük rolu var. Əsas məqsədimiz xalqımızın mədəni irsinin atüstü oyunlarının bərpası və inkişafıdır. Məncə, buna müəyyən qədər nail olmuşuq. Bu il iştirakçı komandaların sayı 12-yə çatıb. Xatırladm ki, ilk turnirə cəmi 8 komanda qoşulmuşdu. Əvvəlki illərlə müqayisədə çövkənçilərin texniki hazırlığının, peşəkarlığının artdığı açıqca görünür. Xüsusi olaraq qeyd edim ki, Balakən, Oğuz, Ağcabədi komandaları səviyyə baxımından fərqlənərək ciddi rəqibə çevriliblər. Bütün bu keyfiyyət dəyişiklikləri hesabına oyunlar gərgin mübarizə şəratində keçib. Artıq, xəbəriniz var, Şəki komandası ardıcıl olaraq 3-cü dəfə çövkən üzrə Prezident kubokunu qazanaraq qaydalara görə, onu həmişəlik özündə saxlamaq hüququ qazandı. Onlar finalda Ağdam komandasına qalib gəldilər. 3-cü yeri Ağstafa, 4-cü yeri isə Balakən rayonları qazandılar. Biz çalışırıq ki, bu turnirdə hər bir komanda mükafat qazansın və onlar üçün daha maraqlı olsun. Buna görə də çövkənin ilk seçmə mərhələsində uduzan komandalar papaq oyununda, ikinci mərhələdə uduzanlara isə sürpapaq yarışında özlərini sınamaq imkanı verilir. Bu turnirdə sürpapaq üzrə Oğuz komandası fərqləndi.
   - Amma sözsüz ki, tədbirin əsas bəzəyi çövkən oyunudur...
   - Çövkən və sürpapaq. İndi dünyada bu oyunların müasir prototipi olan oyunları geniş tamaşaçı kütləsi izləyir. Polo kifayət qədər sizə məlumdur. Xorzbolu isə bir vaxtlar peşəkar basketbolçu olan bir fransalı 30 il bundan əvvəl yaradıb. Çox sevilən oyundur. Bizim sürpapaqdan fərqi oyun topundadır. Onlar topa müəyyən dəstəklər əlavə ediblər. Bizdə isə oyun papaqla aparılır. Amma bizim istəyimiz məhz kökümüzə bağlı milli oyunlarımızın təbliğidir.
   - Bir peşəkar kimi, final oyununu qısaca şərh edərdiniz. Məncə, çox kəskin mübarizə getdi...
   - Şəki komandasının nəticəsi razılıq doğursa da, onların oyunundan narazı qaldım. Şəki rəqiblərinin taktiki səhvləri hesabına qalib gəldi. İlk hissədə hesab açılmadı. İkinci hissədə isə ağdamlıların atları yorğun idi. Bundan isə Şəki komandası istifadə edib qalib gəldi. Lakin Şəki gözlədiyimiz nümunəvi oyunu göstərmədi. Bunu isə onlardan gözləməyimiz təsadüfi deyil. Çünki Şəkidə olan baza heç bir komandada yoxdur. Bax bu nisbətdə razılıq edə bilmərəm.
   - KİV milli oyunlarımızın təbliğində nə qədər fəaldır?
   - Çox təəssüf ki, milli oyunlarımız tədbirdən-tədbirə yada düşür. Qalan vaxtlarda təsadüfi istisnaları çıxsaq, milli oyunlarımızın tarixindən, qaydalarından, inkişafından bəhs edən hər hansı materiala rast gəlinmir. Amma bu oyunlar tariximizlə, mədəniyyətimizlə, klassik ədəbiyyatımızla sıx bağlıdır. Pessimist deyiləm, inanıram ki, milli oyunlarımız getdikcə inkişaf edəcək.
   - Yeri gəlmişkən, çövkən oyununun qaydalarını məhz təbliğat baxımından qısaca olaraq oxucularımıza xatırladaq.
   - Bu oyunda iştirak edən hər komandanın tərkibi 6 nəfərdən ibarətdir.
    Atların sayı da 6 olmalıdır. Oyun ikihissəli olmaqla, 30 dəqiqə davam edir. 10 dəqiqə fasilə olur. Oyunçunun xüsusi geyim formasına papaq, çuxa, at minmək üçün gen şalvar, yüngülboğazlı çəkmə daxildir. Oyunçular eyni formadan, eyni uzunluqda olan çomaqdan istifadə edirlər. Bu oyunda istifadə edilən top girdə və 38-41 sm arasında olur. Qapı çərçivəsindən cərimə meydançasına daxil olub topu qapıya vurmaq hesaba alınmır.
   - Bu tədbirdə sizin üçün sürpriz komanda hansı rayonun təmsilçisi oldu?
   - Ağcabədi və Oğuz komandalarını xüsusi qeyd edərdim. Sonadək mübarizə əzmi göstərdilər. Ümumiyyətlə, builki tədbir hər baxımdan fərqləndi. İlk 4-lüyə düşən komandaların hamısı potensial qaliblər idi. Məsələn, proqressiv inkişafda olan Balakən komandası finala çıxa bilmədi. İnanıram ki, onlar gələn il öz sözlərini deyəcəklər. Qeyd edim ki, oyun qaydalarına mütəşəkkil yiyələnməkdən tutmuş hazırlıq səviyyələrinə qədər, bu tədbir daha güclü təəssürat yaratdı.
   - Əvvəlki illərdən fərqli olaraq bu tədbiri izləyənlər içində incəsənət adamlarımız, yazıçılarımız da var idi.
   - Mən çox sevindim onların gəlişindən. Xüsusilə, Rasim Balayevi görmək mənə xoş idi. Biz onunla filmlərə çəkilmişik. Siyavuş Kəriminin, Azərpaşa Nemətovun və digər tanınmış şəxslərin burada iştirakı turnirə xüsusi bəzək verdi. Mükafatları da onlar təqdim etdi. Hesab edirəm ki, bu, oyun iştirakçılarının da xatirəsində gözəl iz qoyacaq. Digər tərəfdən, onların gəlişi tədbirin təbliği baxımından müsbət haldır.
   - Yarışların təşkilində hansı çatışmazlığı qeyd edərdiniz?
   - Bizim oyunçular milli geyimdə olmalıdır. Geyimlərlə təminat baxımından çətinlik mövcuddur. Çalışırıq ki, hər rayon özünəməxsus, yerli ornamentlərə uyğun milli geyimdə çıxış etsin. Yalnız Şəki komandasının 2 dəst geyimi var.
   - Bütün idman oyunlarının sponsor dəstəyi, reklam-marketinq işi olur. İş adamlarımız bu sahəyə maraq göstərə bilər...
   - Artıq çövkən populyarlaşır. Hər hansı sponsor, şirkət bu turnirə qoşulmaqla özünü də reklam edə bilər. Tutaq ki, bir komandanın geyim məsələsini öz üzərinə götürmək onlara maddi cəhətdən o qədər də təsir etməz, əvəzində isə mədəniyyətimizə, milli oyunlarımıza dəstək göstərən subyekt kimi nüfuz qazana bilər, daha geniş miqyasda tanınarlar. Digər tərəfdən, atçılıq idmanı bütün dünyada elitar oyunlar kimi tanınır - iş adamlarımız bunu unutmasınlar.
   - Bəs polo ölkəmizə gələrsə, çövkənin rəqibinə çevrilməyəcəkmi?
   - Xeyr. Çövkən milli mədəniyyətimiz baxımından inkişaf etdirilir. Polo isə müasir oyundur. Biz özümüz istəyirik ki, polonu ölkəmizə gətirək, buna hazırlaşırıq. Bilirsiniz, birincisi, polo dünya üzrə oynanılır. İkincisi, ölkəmizdə nə qədər xarici ölkə vətəndaşı işləyir, nə qədər turistimiz olur. Onlar isə istirahətlərinin müəyyən vaxtlarını polo oynayaraq keçirmək istəyirlər. Mənim təmsil etdiyim müəssisə də xidmət profillidir. Belə olan halda bu gəlirli sahəni nə üçün də yaratmayaq? Elə turistləri nəzərə alıb atla gəzinti marşrutlarını da bu baxımdan yaratmışıq. Daşüz-Daşbulaq-Çorqat meşəsi, Daşüz-Daşbulaq-Çorqat meşəsi-Su ambarı-Daşüz, Daşüz-Cumakənd-Daşüz, Daşüz-Daşbulaq-Acınohur gölü və sair marşrutlar turist cəlbində böyük rol oynayacaq. Həmçinin, polonun öyrənilib bir sahə kimi ölkəmizdə tətbiqi turizm potensialının inkişafı deməkdir.
   - Komanda sayı cəhətdən turnirin genişləndirilməsi mümkün deyilmi?
   - 12 komanda respublikanın yarısını belə əhatə etmir. Çövkən sağlamlıq, təbiətə sevgi, asudə vaxtın gözəl təşkili deməkdir. Rayonların özlərində də bu oyunun inkişafına qayğı göstərilməlidir. Hələlik hansı rayonlarda atçılıq təsərrüfatı varsa, orada atüstü oyunlarımız inkişaf edir. Ümid edirəm ki, gələn il iştirakçıların sayı daha da artacaq.
   Səbuhi