Oktyabrın 20-21-də Moskvanın “Krokus Siti Holl” səhnəsində vokalçıların Müslüm Maqomayev adına II Beynəlxalq müsabiqəsi keçiriləcək. Müsabiqə dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarının 70 illik yubileyinə həsr olunacaq. “Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu”nun təsis etdiyi müsabiqədə vokalçılar klassik janrla yanaşı, estrada sahəsində də qabiliyyət və bacarıqlarını göstərməli olacaqlar. Seçim mərhələsində müxtəlif ölkələrdən olan istedadlı vokalistlər dinlənilib və münsiflər heyəti tərəfindən ən yaxşıları seçilərək müsabiqədə iştirak etməyə vəsiqə qazanıb.
   İştirakçılar arasında Rusiyanın, Azərbaycanın, Gürcüstanın, Almaniyanın, ABŞ, Şimali Koreya, Monqolustan, Özbəkistan və Ukrayna Respublikasının nümayəndələri yer alacaq.
   Həmçinin avqustun 5-də “Krokus Siti Holl” səhnəsində görkəmli müğənni və bəstəkarın pərəstişkarlarına “Sən mənim nəğməmsən. Böyük müğənniyə həsr olunur...” adlı konsert proqramı təqdim olunacaq. Konsertdə Müslüm Maqomayevin dostları və həmkarları onun məşhur mahnılarını ifa edəcəklər.