Yol əhvalatı
  
   Öncədən qeyd edim ki, bu vaxta qədər yazdığım “Yol qeydləri” içərisində ən böyük məsuliyyət hiss etdiyim yazı budu. Elə bəlkə də bu yükün ağırlığındandır ki, yazını necə başlayıb-bitirəcəyimə çətinlik çəkirəm. Deyə bilərsiniz ki, burda nə var ki, adi yol qeydləridi də. Amma bir ipucu verim ki, bu reportaj əvvəlkilərdən fərqli olacaq. Çünki bu səyahətdə təkcə mən yox, qəzetimizin redaksiya heyəti də cəmlənmişdi. Qubaya əməkdaşımız Nigar Namazəliyevanın ad gününü qeyd eləməyə getmişdik. Yəqin nəyə işarə etdiyimi başa düşürsünüz də... Qarışqanı filə, fili qarışqaya çevirmək kimi hallar, uydurmalar, kiçiltmələr filan olmayacaq. Əgər olsa, çox güman ki, işçilərimiz “a bala, heç orada belə hadisə baş vermişdi?” - deyib xirtdəyimdən yapışa bilərlər. Odur ki, məsuliyyət, daha doğrusu, nə yazacağımın yükü çiyinlərimi yaman əzir.
   Nə isə, balaca bir avtobusda “ya Allah” deyib düşdük yola. Arabir yağış da çiləyir. Yağış demişkən, elə bil bəxtimdəndi, ömrümdə cəmi 3 dəfə rayona getmişəm, üçündə də yağış yağıb...
   Hə, bir halda ki qadınlar bir yerə toplandı, o yeri söhbətsiz təsəvvür etmək çətin məsələdir. Bizim işçilərimizin də bu dəfə haqqında odlu-alovlu danışdığı mövzu toy idi. Belə reklam kimi də çıxmasın, qəzetmizin baş redaktor müavini Həmidə xanımın da bu yaxında toyu olacaq. Mövzu da elə onun gələcək toy söhbətləri üzərində qurulmuşdu desəm daha doğru olar. Səbinə xanımı da ki, maşallah, gələcək gəlinimizə dəyərli məsləhətlərindən verib aradabir: “Ay uşaqlar, yaxşı pendir-çörək var, yemirsiz? Qoyun pendiridi ha...” təklifini etməyi də unutmurdu. Sürücümüzdən də ki, danışılmalı deyil. Yolboyu o qədər güldürüb ki, bizi... Hələ səyahətimizi müşayiət edən mahnıları demirəm. Bircə günün içündə zövqüm necə dəyişdi.
   Nə isə, çox danışmayım. Nəhayət, gəlib çatdıq Beşbarmaq adlanan ziyarət yerinə. Adətə görə ora çatdınsa, mütləq düşüb nəzir qutusuna pul atmalısan. Haşiyədən kənara çıxıb qeyd etmək istəyirəm ki, 1-ci yol qeydlərimdə də bu məsələyə subyektiv yanaşıb öz münasibətimi açıq bildirmişdim. Bir daha xatırlatma edib həmin o məsələyə yenidən təkrar qayıtmaq istəyirəm. Pul atılan yerin yaxınlığında həmişə bir kişi əlil arabasında oturub ümidlə insanlardan kiçik də olsa kömək gözləyir. Birinci dəfə Xudata gedərkən də bu hadisənin şahidi olmuşdum. Hamı pulunu nəzir qutusuna atıb şikəstin yanından yan keçirdi. O zaman düşünmüşdüm ki, axı biz insanlar niyə ətrafımızda olanı görə bilmirik, nələrisə çox uzaqlarda axtarırıq. Axı Allah belə buyurmayıb... Məgər Allah buyurub ki, məscidlərinizin minarəsini, gümbəzini qızıldan edin, eybi yox, körpələr, kasıblar acından, xəstəlikdən can versə də, olar!.. Əsla! O şikəst kişini artıq ikinci dəfədir ki, görürəm. Onun kimdənsə sədəqə alarkən yaşadığı sevinc, gözlərində parlayan ümid heç yaddaşımdan çəkilib getmir. O an elə bil o sevinci mən də onunla bərabər keçirirdim.
  
   Qubanın ağ alması, yaxud...
  
   Artıq Qubada idik... Yox, elə birbaşa məni özünə çəkib aparan o sehirli meşədən yazmaq istəyirəm. Bəli, bəli sehirli meşə... Eynən nağıllardakı kimi. Ucu-bucağı görünməyən, yaşıl, alaqaranlıq meşə. Belə yaşıllıq, ümumiyyətlə belə rənglər görmüşdüm desəm, yalan olar. Uzun gövdəli ağaclar, aradabir yarpaqlardan süzülən yağış damlaları, budaqların arasından boylanan günəş şüaları, moruq kolluqları, uzaqdan şırıltı ilə axan Qudyalçay... Və bir də cır alma ağacları. Bunu xüsusilə qeyd eləyəcəyəm, çünki səbəbi var. Demək, meşədə ağacların arasıyla gəzirdik ki, birdən qarşıda sıra ilə düzülmüş alma ağaclarına rast gəldik. Elə ağacı görməyimlə, Həmidənin yanımızdan yoxa çıxması da bir oldu. Sən demə, bu qızın belə dəcəllikləri də varmış... ağaca hücum çəkib almaları yığmağa başladı və yolboyu : “Heç kəs məndən alma istəməsin” deyib qabaqcadan topladığı almaları sığortaladı da. Amma adamın Allahı olar, öz aramızdı, heç mən də az alma yığmamışdım ha... Sadəcə, Həmidədən fərqli olaraq onları çantaya toplamışdım ki, görüb məndən alma istəməsinlər. Evdə bir külfət adam var, şəhərdə də alma almaq üçün gərək qəzetin bir yarım səhifəsini zəbt elədiyin məqalənin qonararını xərcləyəsən. Tələbə adamın da əlini cibinə atması çətin məsələdi...(təbii ki, hamısı zarafatdı) Burda deyibləree, min yeyənin olsun, bir deyənin olmasın. İndi neyləyək ki, ay Həmidə, mənim kimi almaları gizlətmək məharətin olmadı. Bundan sonra alma oğurluğunda adın əbədi simvola çevriləcək. Alma deyəndə, Həmidə, Həmidə deyəndə alma yada düşəcək.
  
   Ad günü
  
   İndi də bir az Qudyalçaydan bəhs edək... Kollektivimizlə meşəni eninə-uzununa ölçüb qurtarandan sonra qərara gəldik ki, uşaqlarla dağın ətəyinə düşüb çayın o biri sahilinə keçək. Çay deyirəm ha sizə... Yağış yağdığından suyu lilli idi. Mən də ömründə çay görməyən adam. Ayaqqabılarımızı çıxarıb şalvarımızın ətəyini qatlayıb çaya ayağımızı elə təzəcə qoymuşduq ki, suyun bumbuz olması və axının sürəti gözümüzü qorxutdu. Başa düşdük ki, uşaqlıq etməyin yeri yoxdu. Elə çayın içində şəkil çəkdirib gözümüzün qurdunu öldürmək bəs edər. Sonra birtəhər ayağımızın palçığını yuyub səbəbkarlar - balaca Nigarın ad gününü qeyd etməyə tələsdik, daha doğrusu meşənin içində yeriniz məlum yeyib-içməyə yollandıq. Artıq baş redaktorumuz Nigar xanım, Tahir müəllim, Nigar, onun qohumları, bir sözlə, hamı süfrə ətrafına toplanmışdı. Nigar xanım məclisi açıq elan edib, ilk sözü Tahir müəllimə verdi. Tahir müəllim məclisin səbəbkarını təbrik edib ona ürək sözlərini deyəndən sonra söz digər işçilərə verildi. Bir sözlə, hamı təbriklərə qoşulub balaca Nigara xoşbəxtlik arzu etdi. Sonra «bismillah» deyib yeməyə başladıq. Yemək süfrəsindən sonra çay süfrəsi salındı. Bir an gözlərimdən qaçmadı. Hamı deyib-gülür, söhbət edirdi. Bir də baxdım ki, Tahir müəllim bir az uzaqda dayanıb meşəyə, hündür ağaclara baxır. Təbiətdən zövq almaq hissi, sevinci, meşənin gözəlliyini duymaq...bütün bunlar Tahir müəllimin gözlərində cəmlənmişdi. Bəlkə də bu yazını o yazsaydı, daha yaxşı alınardı...
  
   Olum... ya Ölüm...
  
   Artıq axşam düşürdü. İşçilərimiz bir tərəfdə dairəvi dayanıb voleybol oynayırdılar. Mənsə hündürlükdə dayanıb (uçurumun kənarı da demək olar) axan çaya baxırdım. Necə də qəribədi... Ölüm qaşla-göz arasındadır misalı burada lap yerinə düşür. Təsəvvür edin ölümün cəmi bir addımlığında. Bir addım yetər ki, atasan o hündürlükdən aşağı qayaların üstünə enmək üçün... Bütün həyatın cəmi bu bir andan asılıdı. Necə də fanidi... Qəribə bir yolayrıcı yaranmışdı: uçurum və sən. Emosiyalarımın ən kövrək vaxtında uçurum çox adi görünürdü. Meşələrin yamyaşıl rəngi, çayın şırıltı səsi isə bu adiliyi öz nəhəngliyində əridib insanı yeni həyata səsləyir, müsbət enerji bəxş edərək hər şeyi unutdururdu.  

  Göydən üç alma düşdü...
  

   Yavaş-yavaş hərəmiz öz gəldiyimiz maşına minib yola düşürdük. Mən də bəzi işçilərimizlə bayaq gəldiyimiz mikroavtobusa minib kəndlərin içi ilə yola düşdük. Kəndin içindən keçən dar yollar, evləri üzük qaşı kimi əhatələmiş yaşıl meşəli, başı dumanlı dağlar, yolboyu saçları torpağa naz edən söyüdlər...burada yaşayıb şair olmamaq günah olardı. Maşın irəlilədikcə pəncərədən kənd həyatına tamaşa edirdim. Birdən gözümə ip ilə bağlanmış böyük bir quş dəydi. Bir anlıq heykəl olduğunu düşündüm. Bir daha baxdıqda böyük bir qartal olduğuna əmin oldum. Çox vahiməli quş idi. Hələ gözlərindəki qəzəb... Sonra balaca Nigar dedi ki gəlin gedək “Minarəyə”, kimsə də yerindən qışqırıb, «yox “Asma körpü”yə gedək deyərək tələb və təkliflərini irəli sürürdü ki, sürücümüz : “Əşşi, nə asma, nə minarə? Evə gedirik” Həə, camaatın əhvalına soğanı belə doğrayarlaree...
   Amma, sən demə, sürücümüzün nə var, elə dilində varmış, ürəyi tərtəmiz imiş. Bir də gördük ki, kişi artıq bizi minarəyə, ardıyca da “Asma körpü”yə çatdırıb. Minarədən çox danışmaq istəmirəm. Çünki oradakı təbiəti, şəlaləni vəsf etməyə qələmin gücü çatmır. İstəyirəm sizə fikirlərimdə mənə “dəhşət filmləri”ni yaşadan “Asma körpü”dən danışım. Çatar-çatmaz avtobusdan düşüb cumduq körpüyə. Körpü çayın üstündən asılmışdı. Əvvəl-əvvəl hər şey yaxşı idi. Bircə başmaqlarımın dəmirlərin arasından düşəcəyindən ehtiyatlanırdım. Sonra elə bil hər şey 180 dərəcə dəyişdi. Körpünün ortasına çatanda artıq adrenalin və qorxu hissləri məni bürümüşdü. Aşağıdan axan çaya baxdıqca bir anlıq elə fikirləşdim ki, mən də havada uçuram. Bu an adama adrenalin gətirsə də, tezliklə körpünün sonuna çatmaq istəyirdim. Körpü də körpüdür ha. Ya sağ tərəfindən tutmaq üçün dəmirlərin biri var, biri yox, ya da sol tərəfindəki dəmirlərin çoxu qırıq. Amma buranın aylı gecələrini təsəvvür elədim... Ayın işığı çayın üstündə cığır açır, sağın-solun qalın meşə, aradabir uzaqdan hansısa heyvan səsləri gəlir və sən də körpüdən ətrafa tamaşa edirsən... Yox, deyəsən yenə reallıqdan uzaqlaşıb romantikaya qapıldım. Nə isə, sözümün canı, körpü sərgüzəştinə də son deyib yenidən avtobusa doluşduq. Artıq yağış da güclənmişdi. Yenə şəhərə qədər 2 saat nehrə kimi çalxalana-çalxalana yola düşdük.
   Ömrümüzün təqvimindən bir rəngli səhifə daha ayrılmaqda idi. Kim bilir, bir də nə vaxt yenidən bu gözəl mənzərəni, dumanlı dağları görəcəydim. Pəncərə tərəfdə oturub yolboyu təbiətə tamaşa edirdim. Yağışın səsi uzaqdan axan çayın şırıltısına qarışmışdı. Sərin külək pəncərədən üzümü oxşayırdı. Təbiət məni sərxoş eləmişdi, gözlərimi yumub xumarlanırdım. Aradabir yenə Səbinə xanımın səsi gəlirdi: “Ay uşaqlar, pendir-çörək istəyirsiz? Baxın ha, qoyun pendiridi, sonra peşman olarsınız”.
  
   P. S. Gəlməyən işçilərimiz isə nələri itirdiklərini hələ sonra anlayacaqlar...
  
   Yeganə CANSAİL
  
yeganec@list.ru