İkinci yazı
  
   İstanbul
  
  
   İstanbul şəhər-əfsanədi. Görənlər bunu yaxşı bilir...
   İstanbul 2010-cu ildə dünyanın mədəniyyət mərkəzi elan olunub. Bu proqram çərçivəsində Türkiyə hökuməti və İstanbul Böyükşəhər Bələdiyyəsi möhtəşəm tədbirlər nəzərdə tutub. Artıq mədəniyyət mərkəzləri, konqres binaları, sənət evlərinin inşasına başlanıb, muzeylərdə bərpa işləri gedir, musiqi, teatr, kino, ədəbiyyat üzrə layihələr işlənir - bunu hər addımda duymaq olur. Bələdçimiz Sevgi Qoca, yeri düşdükcə, bu barədə də məlumat verir, təəssüratlarımızın tam olmasına can atır.
   İstanbul barədə nələr və nə qədər oxumuşam, eşitmişəm - deyə bilmərəm. Amma Orxan Pamukun «İstanbul: şəhər və xatirələr» kitabını oxuyandan sonra ona Nobel mükafatı gətirən bu şəhərin ruhunu duymaq istədim. Bununla belə, şübhəsiz, üç-beş günlük tanışlıqla İstanbulu dərk etməyin mümkünsüzlüyünü də başa düşürdüm. Hardasa oxumuşdum: «İstanbulda nəfəs aldığınız zaman dənizi, balığı, asfaltı, günəşi, insanı, sevinci, gələcəyi, tarixi içinizə çəkərsiniz. Göyü bəzən mavidi, ümidlərdən, zəfərlərdən, xoşbəxtlikdən, vüsaldan, dostluqdan söz açır. Bəzən tutqundu - elə bil, ağlayır, diqqətlə baxsanız, hüznü, ayrılığı, intizarı, həsrəti, qara sevdanı görərsiniz. Şəhərin ruhu insanın içinə işləyir...»
   İstanbul barədə Sultanəhməd, Ayasofya camelərindən, Topqapı, Dolmabağça, Bəylərbəyi saraylarından, Rumeli hisarından, Qalata və Qız qüllələrindən, Yerəbatan hovuzdan, Boğaz gəzintisindən, Fatih körpüsündən... söz açmaqla danışmağa ehtiyac yoxdu. Çünki əfsanə-şəhərin bu mədəniyyət abidələri, möhtəşəm tikililəri, təbii mənzərələri barədə çoxlarının məlumatı var. Niyyətim yalnız İstanbulun ruhunu, melanxoliyasını, təkrarsızlığını üzə çıxaran ştrixləri çatdırmaqdı...
  
   * * *
   Rəsmən 14 milyon əhalisi olan (təxmini hesablamalara görə, qaçaq yaşayanlarla birgə 20 milyon) İstanbula gündə nə qədər turist gəldiyini təsəvvürə gətirmək də çətindi. Hər gün dünyanın onlarla ölkəsindən gələn on minlərlə turist Sultanəhməd və Ayasofya camelərinin, Dolmabağça və Topqapı saraylarının, başqa muzeylərin qapısında növbəyə düzülür, Roma, Yunan, Bizans, Osmanlı... imperiyaları dövründə yaradılmış maddi-mədəniyyət möcüzələrinə tamaşa edir. Yaponiya, Çin, İspaniya, İtaliya və Polşadan... gələn səyahətçilərin bu xarüqələr qarşısında heyranlıqlarını görməyin özü belə, az maraqlı deyil. Arxeoloji muzeyi gəzəndə italiyalı turistin çaşqınlıq içində dedikərini bələdçimiz Sevgi Qoca bizə çatdırdı: «Deyir, mən indi bildim ki, Avropanın qədim sivilizasiyalarının əsl tarixi Türkiyə ərazisindəymiş!»
   Üç gün ərzində bir fərdi olduğum insan selində bir nəfər də olsun həmvətənimizə rast gəlməməyim məni az qala çaşdırmışdı. Axır ki, bu xoşagəlməz ruhi durumdan məni gözəl ziyalı və iş adamı Hüseyn Artıqoğluyla rastlaşmağım çıxardı. Gördüyü gözəlliklərdən xeyli təsirlənmiş Hüseyn bəylə barizə, mədəni mirasa, yaşadığın mühitə münasibət barədə söhbətimiz xeyli çəkdi. Türkiyənin hər il təkcə turizmdən 20 milyard dollar gəlir götürdüyünün səbəblərini anlamaq üçün gördükləriniz bəs elədi.
   İstanbul mənim üçün təkcə muzeylər deyil, həm də əl sənəti nümunələri satılan dükanlardı. Ağlagəlməz sayda və çeşiddə suvenirləri turistlər həvəslə alırlar. Burada İstanbul mədəniyyət abidələrinin kiçik siluetlərindən tutmuş bahalı gümüş-qızıl əşyalaracan hər şey tapmaq olur. Əlbəttə, gəzməyə, görməyə gələnlərin hər biri özüylə İstanbulu xatırladan bir şey aparmaq istəyir. Bələdçi və soraq kitabçalarına, sanballı tanıtım nəşrlərinə, xəritələrə addımbaşı rast gəlmək olur.
   Vaxt tapdıqca kitab mağazalarına baş çəkməyi də unutmuram. Hələ Bakıdan haqqında oxuduğum, eşitdiyim kitabları tapmaqdan ötrü dükanbadükan gəzirəm. Orxan Pamukun «Məsumiyyət muzeyi», Elif Şafakın «Eşq», İsgəndər Palanın «Qətreyi-matəm», Bəhaəddin Özkişinin «Ucdakı adam» romanlarını alıram. İren Melikoffun (İren Məlikova - Fransada yaşayan soydaşımız, görkəmli şərqşünas) bəktaşilik və hürufilik barədə «Qırxların cəmində», çox sevdiyim Avstriya yazıçısı Tomas Bernhardın «Odun kəsmə» romanı rastıma çıxanda almaqdan başqa çıxış yolum qalmır. Türkiyədə kitab nisbətən baha olduğundan xeylisini yalnız vərəqləməklə təsəlli tapıram. İndi İstanbul Bilkənd Universitetində çalışan köhnə dostum Arif Acaoğlunun tövsiyəsi yadıma düşür: «İstanbula gərək bir də getmək üçün gedəsən...»
  
   * * *
   Bu səfərdə Azərbaycanın və Azərbaycan ədəbiyyatının köhnə dostu Yusif Gədikli, onun qardaşı - Türkiyə Cümhuriyyətinin Bakıdakı Böyükelçiliyinin mədəniyyət işləri üzrə sabiq müşaviri dr. Fəthi Gədikli, TRT-nin sabiq Azərbaycan təmsilçisi Abdulhamid Avşar, Qafqaz Universitetinin sabiq kafedra müdiri Eyyub Zənginlə görüşlərimiz planlaşdırılmışdı. Təəssüf ki, Fəthi Gədikli və Abdulhamid Avşar İstanbulda olmadıqlarından, görüşümüz baş tutmadı. Amma Yusif Gədikli və Eyyub Zənginlə Yusif bəyin çalışdığı vəqfdə görüşdük.
   Kiçik Ayasofya camesinin həyətindəki qədim tikilidə yerləşən vəqfdə kitablar, dərgilər nəşr olunur, araşdırmalar aparılır. Bununla yanaşı, vəqfdə qədim nəqqaşlar, naxışsalanlar, zərgərlər... heyrətamiz sənət əsərləri yaradırlar. Orxan Pamukun dilimizə çevirdiyim «Mənim adım Qırmızı» romanında təsvir elədiyi nəqqaşxananı gözlərimlə görməkdən çox duyğulandım.
   Yusif Gədikli Azərbaycana sevgisinin eşitdiyi, oxuduğu nağıllardan qaynaqlandığından, çevirdiyi əsərlərdən, tərtib etdiyi antologiyalardan, Azərbaycan ədəbiyyatını Türkiyədə tanıtmaqla bağlı qayğılarından danışdı. O, ədəbi prosesimizi diqqətlə izləyir, müstəqillik dövründə yaranmış əsərləri də əhatə edən yeni antologiya hazırlamaq barədə düşünür, Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında məqalə yazır, dillə bağlı araşdırmalarını davam etdirir. Axırıncı dəfə Azərbaycanda altı il əvvəl olub. Darıxdığını, fürsət düşən kimi Bakıya gələcəyinə söz verir, Abbas Abdullaya, Tofiq Abdinə, başqa qələm dostlarına salam çatdırmağı xahiş eləyir.
   Eyyub Zənginsə Azərbaycanda keçirdiyi yeddi ili unutmayıb. Aradabir təmiz Azərbaycan türkcəsində danışanda məmləkətimizə sevgisinin səmimiliyinə inanmamaq olmur. Hazırda TİKA-da (Türkiyə İşbirliyi və İnkişaf Agentliyi) çalışan Eyyub bəy tez-tez Azərbaycana gəldiyini, hər səfərində gördüyü dəyişikliklərdən heyrətləndiyini, üstəlik Azərbaycandakı dostlarını unutmadığını, tez-tez əlaqə saxladığını da bildirir.
   Bu görüşlərdən sonra bir hiss yaxamı buraxmır: Azərbaycanla bağlı olan bu cür ziyalıların yaradıcılıq və işgüzar əlaqələrindən niyə lazımınca faydalana bilmirik? Əlbəttə, bunun səbəblərini bir neçə kəlməylə izah etmək çətindi.
  
   * * *
   İstanbulda olasan, İstanbul gecələrinin sehrinə düşməyəsən - buna da inanmaq çətindi. Qaldığımız hotelin damından İstanbula tamaşa etmək başqa şeydi, axşamlar Qalata körpüsündən şəhərin və Boğazın mənzərəsinə baxmaq başqa şey. Körpünün altında bir-birinə söykənmiş restoranlar, kafelər, qəhvəxanalar gündüz qaçaqaçından sonra dincəlmək istəyən kəsləri özünə çəkir. Müxtəlif ölkələrdən gəlmiş turistlərin əyləşdiyi restoranlardan birində otururuq. Hardan gəldiyimizi öyrənib bir göz qırpımında masamıza Türkiyənin və Azərbaycanın kiçik bayraqlarını qoyurlar. Sonra ingilis, rus, italyan, ispan, yapon, ukrain, gürcü, Azərbaycan... mahnı və rəqsləri bir-birini əvəz eləyir. Vaxtsa mərhəmətsizcəsinə ötür, gecənin yarıdan keçdiyini bildirir...
   Şübhəsiz, indi Türkiyənin gündəmini zəbt eləyən başlıca mövzu «kürd açılımı» adlanan məsələ - ölkədə milli azlıq olan kürdlərin problemlərinin həllidi. Əksəriyyət problemin həllinə tərəfdardı, amma ölkənin ərazi bütövlüyünə, unitar quruluşuna xələl gəlmədən, konstitusiyasını dəyişmədən. Siyasi məkanda çalxantılar davam edir, siyasilər bir-birini «məhşər ayağına» çəkirlər, amma bu, İstanbulun ab-havasında çox az duyulur. İstanbul musiqiylə, teatrla, kino, rəssamlıq, təsviri sənət ilə nəfəs alır. «Ankara Türkiyənin siyasi, İstanbulsa mənəvi paytaxtıdı», - minibusumuzun sürücüsü, qırx ildən bəri bu şəhərdə yaşayan Ali Sezər mənim fikrimi də ifadə eləyir.
   İstanbul binalardan, camelərdən, körpülərdən, qüllələrdən... daha artıq ruhi məkandı.
   İstanbul - Nəcib Fazil Qısakürəyin İstanbuludu - pyeslərində, hekayələrində bu şəhərin sevinci-kədəri bütün rəngləriylə üzə çıxır, «Canım İstanbul» şeirində isə deyir:
   Ana kimi yar olmaz,
    İstanbul kimi diyar,
   Güləni belə dursun,
    ağlayanı bəxtiyar...
   Gecəsi sünbül qoxan,
   Türkcəsi bülbül qoxan
   İstanbul,
   İstanbul...
   İstanbul - Nazim Hikmətin İstanbuludu, deyir:
   Mən bir ceviz ağacıyam
   Gülhanə parkında...
   İstanbul - Rəşid Nuri Güntəkinin İstanbuludu, romanlarında bu əbədi şəhərin təkrarsız portretini yaradıb.
   İstanbul - Orxan Pamukun İstanbuludu, «Qara kitab», «Mənim adım Qırmızı» romanlarında, «Pəncərədən baxmaq» hekayəsində, «İstanbul: şəhər və xatirələr» kitabında bu şəhərin ruhunu axtarıb; deyəsən, tapıb, yoxsa əsərlərində doğma şəhərinin melanxoliyasını təsvir etdiyinə görə Nobel mükafatına layiq görülməzdi...
   «Mənim adım Qırmızı» romanını dilimizə çevirəndə qəribə ruhi vəziyyət keçirmişdim, tez-tez özümü hadisələrin baş verdiyi məkanlardan - Xalicdə, Unqananında, əyri-üyrü, dar küçələrdə hiss eləyirdim. Səfər proqramından bir neçə saat vaxt oğurlayıb Fatih rayonunu ayaqla dolaşdım, Bəyoğlunu, Nişantaşı, Beşiktaşı, Kadıköyü... beləcə arın-arxayın gəzməyə vaxt hardaydı? Hər halda, yazıçının təsvir elədiyi o rəngləri və qoxuları azacıq da olsa, duya bildim...
   «Tarixi mənbələrdə İstanbulun adı ilk dəfə eramızdan əvvəl 659-cu ildə xatırladılır, yunanca «Eys tin polin» kimi ifadə olunur. Eramızın 324-cü ilində isə Roma imperatoru Konstantin burada böyük tikinti işləri aparır, altı il sonra Konstantinopolu paytaxt elan eləyir...» Bunları bələdçimiz söyləyir, elə bilir söylədiklərinə diqqətlə qulaq asıram. Fikrimsə başqa yerdədi: gözlərimin qabağına hüznlü görkəmlə At Meydanından keçib Topqapı sarayına gedən nəqqaş Qara Çələbi gəlir...
   Bir də az sonra Anadolu yuxusuna dalacağımın intizarındayam...
  
   Nəriman ƏBDÜLRƏHMANLI