Noyabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəmbər Şəmşiroğlunun “Kəlbəcər - ömrüm, həyatım mənim” və “Bir də görüşərik” kitablarının təqdimatı keçirilib.
   Tədbir Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin sağlığında Kəlbəcərdə çəkilmiş videogörüntünün nümayişi ilə başlayıb.
   AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Məhərrəm Qasımlı, filologiya elmləri doktoru Şirindil Alışanlı və başqaları 12 kitab müəllifi Qəmbər Şəmşiroğlunun şeirlərindəki məzmun və forma gözəlliyindən, üslub və bədii xüsusiyyətlərindən, ədəbiyyatda layiqli mövqeyindən söhbət açıblar.
   Bildirilib ki, ədibin “Gədəbəy xatirələri”, “Axtarıb Şəmşiri görmək istəsən”, “Ömrün işıqlı anları”, “Dostlar unutmaz məni”, “Tale oxşarlığı” və s. kitablarındakı şeirlərində düşmən tapdağı altında qalmış doğma Kəlbəcər həsrəti əksini tapıb. Qeyd olunub ki, doğma yurd həsrəti ilə yazılmış “Kəlbəcər - ömrüm, həyatım mənim” kitabının II cildi də nəşrə hazırlanır.
   Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.