Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün “Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, 2013-cü il üçün Zaqatala “Azərbaycanın folklor paytaxtı” elan olunub. Martın 5-də rayon mədəniyyət evində “Folklor paytaxtı”nın təntənəli təqdimat mərasimi keçirilib. 
   Mərasim iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində rayonun folklor nümunələri və el sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıblar. Rayon uşaq incəsənət məktəbinin və mədəniyyət müəssisələrinin folklor kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.
   Mədəniyyət və turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva il ərzində rayonda həyata keçiriləcək tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Zaqatalanın “Azərbaycanın folklor paytaxtı” elan edilməsi rayonun milli-mənəvi dəyərlərinə, folkloruna verilən yüksək qiymət və etimaddır. İl ərzində rayonda silsilə tədbirlərin, respublika və beynəlxalq səviyyəli konfransların, festivalların, konsertlərin, sərgilərin keçirilməsi nəzərdə tutulub.
   Rayonun folklor nümunələrini əks etdirən filmin nümayişindən sonra Zaqatalanın “Azərbaycanın folklor paytaxtı” elan edilməsi ilə bağlı hazırlanmış xatirə kuboku tədbir iştirakçılarına təqdim olunub.