Şəkidə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir. 
   Aprelin 29-da Şəki Dövlət Rəsm Qalereyasında gənc fotoqraf Elvin Qasımzadənin “Doğma Şəkim” adlı fotosərgisi açılıb. Tədbirdə çıxış edənlər ulu öndərin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına verdiyi əvəzolunmaz töhfələrdən, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.
   Gənc fotoqraf Elvin Qasımzadənin indiyədək bir neçə fərdi yaradıcılıq sərgisi keçirilib. O, 2010-cu ildə “Mənim doğma Vətənim” adlı fotomüsabiqənin, 2012-ci ildə “Yaşıl festival” çərçivəsində keçirilən “Planetdə sənin qoyduğun iz” adlı respublika müsabiqəsinin qalibi olub. Onun foto işlərində doğma Vətənə, doğulub boya-başa çatdığı Şəki şəhərinə bağlılıq və məhəbbət aydın hiss olunur. Bir ay davam edəcək sərgidə gənc fotoqrafın 125 fotoşəkli nümayiş etdirilir.