Zaman-zaman ədəbiyyatda forma və məzmun haqqında danışılıb. Bu məsələ hələ də aktuallığını itirməyib. Xarici yazıçıların bəziləri formaya, bəziləri isə məzmuna önəm verirlər. Yazı texnikası, yazı sənətinin spesifikası ayrı-ayrı mətnlərdə asanlıqla özünü büruzə verir. Forma və məzmunun vəhdəti və mahiyyəti barədə bəzi yazarların fikrini öyrəndik.
   
   - Mətndə forma əsasdır, yoxsa məzmun?
   - Öz yaradıcılığınızda formanı, yoxsa məzmunu əsas tutursunuz?
   
   Aydın Xan - yazıçı-kulturoloq:
   - Ümimiyyətlə, kamil əsərlər o zaman yaranır ki, formayla məzmun vəhdətdə olsun. Böyük əsərlər forma ilə məzmunun sintezindən yaranır. Amma bu, sözsüz ki, hər bir yaradıcı adamın istedadından asılıdır. Təbii ki, maraqlı məzmunu adi formada yazsan, müasir dövrdə uğur qazana bilməzsən, orijinal forma dəyərli məzmun daxilində uğurlu olur. Formayla məzmun insanın qollarına bənzəyir. Hansını kəssən, şikəst olacaqsan.
   Öz yaradıcılığımdasa çalışıram ki, ortaya özüməməxsus yeni bir əsər qoyum. Yazı prosesində isə forma və məzmunun necə alınacağını düşünmürəm, mənim prinsiplərimə görə, yazı hardan və necə gəlirsə o şəkildə də yazılmalıdır. Amma danılmazdır ki, qeyd etdiyin tendensiya var. Həmin tendensiyaya cavab verən əsərlər yazmaq lazımdır ki, dünya ədəbi prosesinə qoşulasan. Baxmayaraq ki, mədəniyyət və ədəbiyyat baxımdan mən çox tolerant adamam, amma indiki zamanda klassik formada yazan yazıçıları başa düşə bilmirəm. İndiki insanları qanla, sevgiylə şaşırtmaq olmur.
   
   Balayar Sadiq - şair:
   - Dünya ədəbi tendensiyalarına nəzər salmadan belə deyə bilərəm ki, forma ədəbiyyatda ciddi önəm daşımır. Amma bəzi formalar var ki, artıq məzmun onun daxilində çox bayağı alınır. Məsələn, mən heca vəznli şeirdən heç bir ləzzət ala bilmirəm. Çünki forma o qədər çeynənilib ki, məzmun onun daxilində özünü ifadə edə bilmir.
   Mən öz yaradıcılığımda forma anlayışına o qədər də əhəmiyyət vermirəm. Dünya ədəbiyyatında çox formalar ola bilər, amma mən onlara yazı prosesində müraciət eləmirəm. Mən özümə xoş gələn, yaradıcı adam kimi məni razı salan formada yazıram. Məzmunu heç vaxt formaya tabe eləmirəm.
   
   Qismət - şair, Odlar Yurdu Universitetinin müəllimi:
   - Əvvəllər belə deyirdilər ki, formayla məzmun vəhdətdə olmalıdır. Bu prinsip hələ də özünü doğruldur. Amma indi çalışırlar ki, məzmunu formaya tabe eləsinlər. Yəni süjeti, təhkiyəsi müəyyənləşmiş əsəri çalışırlar ki, maraqlı bir formada, qəribə strukturla oxucuya daha maraqlı çatdırsınlar. Formanın indiki zamanda üstünlüyü artıb. Bunu biz Umberto Ekonun, Orxan Pamukun əsərlərində görə bilərik.
   Öz yaradıcılığımda çalışıram ki, Azərbaycanda olmayan maraqlı formaları şeirə, nəsrə, publisistikaya gətirim. Mən bizdən xeyli irəlidə olan Qərb ədəbiyyatının yaxşı cəhətlərini istəyirəm ki, öz ədəbiyyatımıza gətirim. Etiraf edək ki, bizdə mətnin forma məsələlərini bilən çox az adam var. Ona görə də nəsrimizdə qəribə, maraqlı bədii texnikalar ortaya çıxmır. Mən öz yaradıcılığımda yeni formanın tətbiqinə çalışıram.
   
   Zərdüşt Səksənaltı - yazıçı, Gənc Ədiblər Məktəbinin üzvü:
   - Dünya ədəbiyyatında gedən bu tendensiyaya hələ tam bələd deyiləm. Mən dünya ədəbiyyatı nümunələrini oxuyanda forma və məzmun məsələlərinə fikir verirəm. Bəzən elə əsərlərə rast gəlirəm ki, maraqlı forma olur, amma məzmun adamı qane etmir. Mən hər bir əsərin öz daxilndən doğmasını, yaranmasını istəyirəm. Məncə, məzmun öz formasını doğurmalıdır. Forma süni olanda bayağı alınır.
    Mən öz yaradıcılığımda formaya nəzər salmıram, daha çox məzmuna diqqət eləyirəm. Necə yazmaq istəyirəmsə, elə yazıram və yazılan mətn öz formasını ortaya çıxarır. Mən yazı üçün əvvəlcədən qarşıma plan qoymuram, hadisə necə beynimə gəlirsə, o cür də yazıram. Mənim hekayələrimdə müəyyən formalar var, amma bu, heç də o demək deyil ki, mən onları əvvəlcədən düşünmüşəm. Yazı prosesi məzmunla bərabər, formanı da yaradır.
   
   Elnaz Eyvazlı - şair, Gənc Ədiblər Məktəbinin üzvü:
   - Məzmun formadan əsasdır. Əlbəttə, sözü diqqətsiz şəkildə “boşluğa” buraxmağın da tərəfdarı deyiləm. Amma qəribə formanı boş mənayla dolduranda da heç nəyə nail olunmur. Sanki ağılsız adama ağıl verirsən. Bədii texnika maraqlı məzmuna hopanda isə əsl sənət əsərləri yaranır.
   Fərdi yaradıcılığımdasa daha çox fikri, düşüncəni qorumağa çalışıram. Forma xatirinə məzmunu məhdudlaşdırmıram. Hətta formanı saxlasam belə, məzmunu itirmək istəmirəm. Maraqlı məzmun istənilən formada gözəldir.
   
   Günay - şair, Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsinin I kurs tələbəsi:
   - Forma əsasdır, söz boşluqda o qədər də maraqlı deyil. Forma fikiri açmaq üçün vasitədir. Bədii texnika adi mətnin də oxunaqlı olmağını təmin edir. Aristotel bütün bunların cəmi kimi fabulanı göstərir. İdeya, forma, süjet hamısı fabulanın tabeliyindədir.
   Öz yaradıcılığımda əsasən maraqlı məzmunu qeyri-adi bədii texnikanın daxilində verməyə üstünlük verirəm. Amma məzmunu formayla buxovlamağın tərəfdarı deyiləm.
   
   Fərid Hüseyn