Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ilin birinci yarımili üçün iş planına əsasən, iyunun 13-də Salyanda Şirvan şəhər, Salyan, Neftçala, Hacıqabul rayon mədəniyyət və turizm şöbələri rəhbərlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
   Salyan Mərkəzi kitabxanasının konfrans zalında keçirilmiş müşavirədə qeyd olunan şəhər və rayonların mədəniyyət və turizm şöbələrinin müdirləri, məsləhətçiləri və müəssisə rəhbərləri iştirak ediblər.
   Nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli seminar iştirakçılarına "Mədəniyyət haqqında" 2012-ci il 21 dekabr tarixli Azərbaycan Respublikası Qanununun müddəaları barədə ətraflı məlumat verib. Qanunun mədəniyyət işçiləri arasında geniş təbliğ edilməsi və icrasının daim nəzarətdə saxlanılmasının zəruriliyi vurğulanıb.
   Tədbirdə mədəniyyət və turizm sahəsində qəbul edilmiş dövlət proqramları və normativ aktların bölgələrdə icrası vəziyyəti də müzakirə olunub, regionlarda mədəniyyət sahəsində mövcud problemlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, ölkəmizdə mədəniyyət sahəsində reallaşdırılan islahatlar haqqında ətraflı məlumat verilib.