Oktyabr ayında Xalq şairi, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, publisist və tərcüməçi Məmməd Arazın (Məmməd İnfil oğlu İbrahimov) anadan olmasının 80 ili tamam olur. Ədibin yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunacaq. Bununla əlaqədar Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
   Məmməd Araz 1933-cü ildə Şahbuz rayonunun Nursu kəndində anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Müxtəlif illərdə “Azərnəşr”də, “Qobustan” jurnalında, “Ədəbiyyat və incəsənət” qəzetində məsul vəzifələrdə çalışıb. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib, 1974-cü ildən ömrünün sonuna qədər “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub.
   Şairin dərin fəlsəfi məzmunlu lirikası zəngin ənənələrə malik poeziyamızı keyfiyyətcə yeni mərhələyə qaldıraraq daha da zənginləşdirib. Ədibin əsərləri müxtəlif dillərə tərcümə olunub, onun bədii tərcümələri əsasında Azərbaycan oxucusu dünya poeziyası klassiklərinin əsərləri ilə tanış olmaq imkanı əldə edib.
   
   Fariz Yunisli