Prezident İlham Əliyevin iyulun 19-da Xaçmaz rayonuna səfəri çərçivəsində açılışı olmuş tarix-diyarşünaslıq muzeyinə ötən müddətdə 1000-ə yaxın ziyarətçi gəlib. Onların arasında əcnəbi turistlər də olub.
   
   İki filial və yeddi şöbədə fəaliyyət göstərən muzey Xaçmaz şəhərinin Heydər Əliyev prospektində, Şəxsiyyətlər Muzeyinin ərazisində yerləşir. Muzeyin direktoru Aqil Əlisultanovun verdiyi məlumata görə, burada qədim tarix və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malik 5000-ə yaxın eksponat toplanıb.
   Muzeyin birinci mərtəbəsindəki istiqlal bölməsində dövlətçilik tariximiz dövrlər üzrə əksini tapıb. Muzeydə İkinci Dünya müharibəsi illərində Xaçmaz rayonundan cəbhəyə yollanmış döyüşçülərə aid döş nişanları, orden və medallar da nümayiş olunur. 8739 nəfər bu döyüşlərdə iştirak etmiş, onlardan 2800-ü həlak olmuşdur. Bölmədə 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinə aid eksponatlar da yer alıb.
   Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib. Rayonun ərazisində 28 qədim kurqan aşkarlanıb. Ehtimal olunur ki, qədim türklərə aid olan kurqanların 4 min il yaşı var.
   Muzeydəki guşələrin birində dəmirçi və dulusçu emalatxanaları, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdə yaşayış tərzini və məşğuliyyətini əks etdirir.
   Muzeyin ən dəyərli eksponatlarından biri də rayonun Ləcət kəndi ərazisində aparılan qazıntılar zamanı aşkarlanmış e.ə. I minilliyə aid saxsı küpdür. O vaxtlar bu küpdə ərzaq saxlanıldığı ehtimal olunur.
   Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid nümunələr, bəzək əşyaları sərgilənir.
   Muzeydə eksponatların bərpası və qorunması məqsədilə ayrıca fond-bərpa otaqları da var. Gələcəkdə burada rəsm qalereyası da yaradılacaq.