Bugünlərdə Azərbaycan Dövlət Milli Dram Teatrının əməkdaşları ilə Şəmkir, Gədəbəy və Qazax rayonlarında oldum.
   Vaxt darlığına baxmayaraq, söz adamlarıyla da görüşmək fürsətini əldən vermədim. Üç rayonda oldum və hər rayonun payına bir nəfərlə kəlmə kəsdim. Qazaxda Barat Vüsal, Gədəbəydə Sahib Camal, Şəmkirdəsə Məzahir Hüseynzadəylə atüstü dərdləşə bildik. Həmsöhbətlərim orta ədəbi nəslin nümayəndələridir. Barat Vüsal altmışı haqlamaqdadı, Məzahir müəllim ondan iki-üç bayram böyükdü, aralarında cavan sayılan Sahib Camalsa əllini arxada qoyub.
   Ədəbiyyat söhbətləri heç vaxt atüstü danışıqlarda başa çatan deyil. Ona görə çox yuxarılara çıxmadıq. Elə aşağıdan başlayıb, poeziyanın cazibəsinə düşən bu insanların hisslərini, duyğularını yazıya gətirməklə kifayətləndim. Onu da deyim ki, həmsöhbətlərimlə bir-birindən xəbərsiz, təklikdə danışsam da, onların ümumi oxşarlıqları çox idi. Hər üçü müəllim işləyir. Hər üçü Gəncədəki pedaqoji institutu bitirib. Elə bil onlar sözü bir yerə qoymuşdular. Soruşduqlarıma eyni cür cavab verdiklərindən belə deməyə məcburam. Amma yox, görünür, bu insanların oxşarlığı təbiidi. Axı hər üçü eyni bölgədə yaşayır, hər üçü şairdi və üçü də mayasını sözdən tutub, kündəsini sözlə yapanlardı. Onlar ruh adamıdılar, arzu-istəklərinin, ağrı-acılarının, həsrət və nisgillərinin miqyası bir evdən, ocaqdan çıxıb, bütöv xalqın, ölkənin miqyasınacan böyüyür. Hərəsinin öz dəst-xətti olsa da, mövzuları, əbədi dəyərlərə münasibətləri şəriklidi. Ailə başçısı, oğul-uşaq yiyəsi olan bu qələm adamları əyalətdə, gündəlik məişət qayğılarıyla çarpışa-çarpışa ömür sürməyin içərisində mənəvi həzzi yaşamağı bacarırlar. Sözlə baş-başa illəri yola salmış həmsöhbətlərim rayon mühitində yaşamaq və sənətlə məşğulluq məsələsinə belə münasibət bildirdilər:
   Barat Vüsal:
   - Bu torpaqda doğulanın, burdaca yaşaması, təbiidir. Həkimin, hüquqşünasın, mühəndisin yerində-yurdunda qalması kimi, şairin də ata ocağında qələm çalması adi işdi. Və həyat göstərir ki, Azərbaycanın kənd-kəsəyində kök salıb, yazıb-yaratmaq, tanınmaq mümkündü.
   Məzahir Hüseynzadə:
   - Şəmkir doğma ocaqdı. Arada təhsilnən bağlı illəri və səfərə çıxdığım günləri, həftələri hesaba almasaq, bütün həyatım burda keçib. Şərəfli peşəm var, müəlliməm. Müəyyən vaxtdan sonra zəhməti bar verən müəllim. Təsəvvür eləyirsiz, az qala hamının bir-birini tanıdığı rayonda bu nə deməkdi? Müəllim üstəgəl, böyük çıxmasın, şair. Burda həmin xoşbəxtlik var mənim üçün. Qaldı yazı-pozu məsələsinə, mümkündü. Səmimiyyətimə inanın, Azərbaycanda kifayət qədər məni tanıyan, şeirlərimi oxuyan var.
   Sahib Camal:
   - Bu dağların qadasını alım. Gədəbəydən varmı dünyada? Yurd, el-oba başqa şeydi. Lap kasıb yaşasan belə, özününkülərin yanında arxa-dayaqlı olursan. Şeirini yazanda da arxayın yazırsan. İstəyir sevincdən, istəyirsə dərddən olsun mövzuların. Sənət mühitinə gəlincə, Allah istedad sarıdan az-çox nəsə veribsə, qorxu yoxdu. Bakı, ya Gədəbəy, fərqi nə? Bircə şan-şöhrətə çatmaq məsələsindədi əsas fərq. Məncə, paytaxtda bunun yolu qısadı.
   “Nə vaxtsa Bakıya köçmək istəyərsinizmi” sualına hər üç şair “yox” dediyindən şerlərindən bir neçə yarpaq seçib «Mədəniyyət» qəzetinə təqdim etdim. Özləri gəlməsə də...
   
   
   Məzahir Hüseynzadə
   
   Ruzigar başıma qar ələyib, qar,
   Dözümdən yapışıb sal dayanmışam.
   Məni axtaranda tapmağa nə var,
   Dərdimin dalında daldalanmışam.
   
   * * *
   Kövrək xasiyyəti pilədən-pilə,
   Can qurban edərdi adamdan ötrü.
   Sən demə, adamlar bir yana…hələ,
   Ölüm də ölürmüş atamdan ötrü.
   * * *
   ...Nə yaxşı qarşıma çıxdın, nə yaxşı
   Yolları mənsizmi görmüsən belə.
   Bəhanə eyləyib sürüşkən qışı,
   Kimiydi qoluna girmişdin belə…
   
   * * *
   Həsəd gözlərinlə nurlusan, kasıb,
   Sevinci itirib qəm qoruyursan.
   Bütün varlılardan varlısan, kasıb,
   Axı bu Vətəni sən qoruyursan.
   
   * * *
   ...Baxışlar ilişdi zülmət gecəyə,
   Gözlər qaranlığı gözünə çəkdi.
   Cavanlar utanar, çəkinər deyə,
   Söyüd saçlarını üzünə çəkdi.
   
   

   Barat Vüsal
   
   ...Bilir düşmən kim, dost kimdi,
   Barat tək qəmgin, üzgündü.
   Ölsəm, uşaqlıq dostumdu,
   Heç nə deməyin atıma!
   
   * * *
   Bəlkə gəzmək üçün bağa çıxıbdı,
   Deyəmmirəm gəlib, aha, çıxıbdı!
   Beş-on gündü yenə yoxa çıxıbdı,
   Ürəyim yanında deyil ki sənin?!
   
   * * *
   ...Pis adam tez ölə, heç görmüsənmi?
   Köçəndə o saat
   yaxşılar köçür.
   Hər nə görübsə də nakişilərdə,
   Ölüm də kişinin üstünə qaçır?!
   
   * * *
   ...Arif olmayanlar sanır,
   Yol öz-özünə uzanır.
   Yolu yol gedən qazanır,
   Pul deyil götürmək üçün!
   
   * * *
   ...Bax dağına, bax daşına,
   Sərhəd itir, dəyişir.
   Hamını yığmır başına,
   Hamıdan ötrü döyüşür…
   Meydanda tək qalır Vətən!
   

   

   Sahib Camal
   
   Bir kəlmə söylədib, dindirəni yox,
   Alışan dərdini söndürəni yox,
   Quruca bir təbrik göndərəni yox,
   Bir şair çatıbdır əlli yaşına.
   
   Qaranlığı qədər ağır bu gecə,
   Yağış da ayrı cür yağır bu gecə,
   Bir şair bir şeir doğur bu gecə,
   Bir şair çatıbdır əlli yaşına.
   
   
   * * *
   ...Sevinci canavar, dərdi sürüdü,
   Bura yaşamaq yox, ölmək yeridi,
   Bu şəhər o kənddən qat-qat geridi,
   Bu şəhərin nəyi xoşuna gəlir.
   
   * * *
   ...Dərdi dərd olub canına,
   Ürəyi düşüb yanına.
   Deyən, ömrünün sonuna,
   Çatıb qurtarıb bu adam.
   
   * * *
   ...Gül yazımı, qar qışımı,
   Necə qatıb dərd başımı,
   Bu millətin göz yaşını,
   Silən varsa əl qaldırsın.
   
   Öyrənib bilmək dərsini,
   Özünə gülmək dərsini,
   Yurd üçün ölmək dərsini,
   Bilən varsa əl qaldırsın.
   

   Seymur Elsevər