Zərdabda kitab bayramı

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Zərdab rayon Mərkəzi kitabxanası “Sən elə bir zirvəsən...” adlı kitab bayramı keçirib.
Heydər Əliyev parkında gerçəkləşən bayramda Əməkdar elm xadimi, akademik Teymur Bünyadov, ziyalılar, rayonun idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ulu öndərin həyat və fəaliyyətini əks etdirən guşə, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, "Zərdab inkişaf yollarında”, “Ulu tariximiz, soykökümüz, qan yaddaşımız”, “Torpağı vətən eyləyən oğullar”, “Həsən bəy Zərdabi milli mətbuatımızın banisidir”, “Klassiklərimizin hikmət dünyası” və s. başlıqlı stendlər tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Kitab bayramında MKS-nin kənd kitabxana filialları, mədəniyyət evləri, məktəblər və məktəbəqədər təhsil müəssisələri də ulu öndərə həsr edilmiş əl işlərindən ibarət sərgilər nümayiş etdiriblər.
Bayramda Mərkəzi kitabxananın fəal oxucularına hədiyyələri təqdim olunub.
Tədbir rayon Mədəniyyət evinin konsert proqramı ilə yekunlaşıb.