Vüsal Nuru
   «Turan» Ədəbi Birliyinin sədri.
   Prezident təqaüdçüsü.

   

   
   

   Allahın edamı
   
   Qoymayın baxmağa, yumun gözünü,
   Uşaqların qorxu keçər canından.
   Bu gecə yandırıb göyün üzünü,
   Asdılar Allahı dar ağacından.
   
   Günahdan doğulub, günah doğanlar,
   Gördülər namaz da günah yumurmuş.
   Üzü adam, içi şeytan adamlar,
   Gördülər ki, Allah içi duyurmuş.
   Gördülər ki, əcəl tövbəyə baxmır,
   Allahla üz-üzə durmaq var bir gün.
   Haqq çəkən mən ölüm, sən ölə baxmır,
   Cəhənnəm odunda yanmaq var bir gün.
   Aldadıb,
    çağırıb bu yer üzünə,
   Asdılar Allahı dar ağacından
   Talayıb,
   od vurub göyün üzünə,
   şeytan bağladılar mələk qılçına.
   
   Yanıb göy üzündə İsa çarmıxı,
   Cənnəti qapqara tüstü bürüyüb.
   His düşüb nuruna, ağ divarına
   Quruyub çiçəyi, gülü büzüşüb.
   Cəhənnəmə dönüb Cənnət, böyüyüb.
   Böyük Cəhənnəmdə minnət böyüyüb.
   
   İblislər pay umdu Allah tacından,
   Buludlar qızardı, qaraldı göydə,
   Asdılar Allahı dar ağacından.
   
   Gəl saçını yol da, dizinə döy də,
   Bu yetim Allahı sən ağla, ana.
   Oğulsuz Allahın dönüb oğluna,
   Mən özüm girərəm tabut altına.
   
   Bəs harda dəfn edək ölmüş Allahı?
   Yer ayaq altı, göy İblis yuvası.
   Tabut çiynimizdə qocalıb ölsək,
   Daşıyar balamız, sonra balası.
   
   Baxmasın, görməsin öləni indi,
   Allahı göylərdə görən uşaqlar.
   Deməyin, bilməsin tabut kimindi,
   Sabah bu tabutla gəzən uşaqlar.
   
   Qoymayın baxmağa, yumun gözünü,
   Uşaqların qorxu keçər canından.
   Bu gecə yandırıb göyün üzünü,
   Asdılar Allahı dar ağacından
   
   Anam ağac
   
   Bu ağac yayı da, qışı da əsir.
   Bu ağac nə yaman üşüyür, atam.
   Anamın bir çiyin şalın gətirib,
   Gərək bu ağacın çiyninə atam.
   
   Tökülüb ağacın səbir yarpağı,
   İllərin qırışı qabığındadı.
   Yollara boylanır barsız budağı
   Tökülən göz yaşı qabağındadı.
   
   Bəlkə də, anaymış bir vaxt bu ağac-
   Oğlunu davaya göndərən ana.
   Gözünü yollara dikib, dayanıb,
   Bir ümid bağlayıb sonuncu ana.
   
   Oğlunun məktubu azıb yolları,
   Dolaşıb əlləri, ünvan itirib.
   Döyüşdən uzanıb anaya sarı,
   Bəlkə bir əl qara kağız gətirib.
   
   Balası davadan dönməyən ana
   Gözləyə-gözləyə ağaca dönüb.
   Balasın əliylə gömməyən ana,
   Özü ağac kimi yola gömülüb.
   
   Bu ağaca yaman qaynayır qanım,
   Bəlkə, oğlu mənəm, dönüb gəlmişəm.
   Qoy, gedim gövdəsin bağrıma basım,
   Deyim: Anam ağac, mən ölməmişəm.
   
   Bir qadın bətnində gizləyib məni,
   Qoruyub ölümdən, sənə gətirib.
   Gəl, yıxıb illərin bu həsrətini,
   Bağrına sıxılım, qoynuna girib.
   
   Sən belə üşümə, sən belə əsmə,
   Sən belə quruma, ay anam ağac!
   Nəfəsimdən ud, al göz yaşımı iç,
   Sən hələ quruma, ay anam ağac.
   
   Gömsünlər məni də sənin yanında
   əriyim,
   Səninlə qarışım, itim.
   Yenidən doğ məni, ay anam ağac,
   Bir gün fidan kimi kökündən bitim.
   
   Qadın əli
   
   Məni bağışla,
   hər səhər
   məni ötürən qapı,
   Qapının arasından uzanıb
   arxamca yellənən əl,
   Ayağıma bağlanıb,
   hər gün məni aparan yol,
   Aparıb ayağımı
   yollara bağlayan yol,
   Dalımca boylanan
   yuxulu pəncərə,
   Bir də sən,
   bir də sən,
   mənə gəlincik tapşıran körpə,
   bağışla.
   Bu axşam
   gətirməyəcək məni evə
   məni ötürdüyü yerdə durub gözləyən yol.
   İndi bədənimə dolanıb
    köhnə Basin küçəsi.
   Udur
    ağzımdan tökülən qan laxtasını.
   Mənə baxır
   yazıq-yazıq, iyrənə-iyrənə
   başımın üstündə duran neçəsi.
   Bir də qarnıma çırpılan
    o atası pullu oğlanın
   maşını.
   Bir azdan məni
   bu küçənin qucağından sürüyüb
   aparacaqlar.
   Yenə iş sənə qalacaq,
   küçəni təmizləyən qadın.
   Qanımın ləkəsini
   göz yaşın da yuya bilər,
   İyrənib kənara tüpürdüyün
   tüpürcəyin də.
   o qaçanın qan qrupundan deyil
   mənim qan qrupum
   ləkəsini yağış yuya bilməsin.
   
   Bir gün
   hər şeyi unudacaq bu şəhər sakinləri.
   Məni yadında saxla,
   gəlincik dükanları,
   binaların bərəlib baxan pəncərələri,
   açılıb örtülən ev qapıları.
   Bir də sən,
    havada yellənən qadın əli.
   
   Dünyanın başlanğıcı
   
   Bu dünya
   o binanın tinində dilənən
   kor qadının ovucu boydadır.
   Bu şəhərin adamları
   o qadının ovcundakı
   xırda qəpiklər kimidir.
   Xırda qəpiklər kimi
   düşür bir-birinin üstünə
   o qadının duaları.
   Hərə bir-iki qulaq dua aparar özüylə.
   Yaşadar,
   yaşadar
   apardığı duaları
   içində.
   Dualar dönər dünya olar,
   Yaşayar,
   yaşayar dünyanın
    içində.
   Bir gün
   ovcundan yollar uzanar,
   keçər,
    kiminsə ovcundan keçər.
   Unudar
   hamı kimi
   ovcundan keçən yolun
   o başında duran kor qadının
   ovcunu.
   Bilməz
   bu şəhərdə qovulmaqdan
   özünə yer tapmayan qadının
   ovcundan başlayır
   bu dünya.