Böyük şairin yubileyi ilə bağlı tədbir

İyunun 6-da Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə böyük rus şairi Mixail Yuryeviç Lermontovun 200 illik yubileyi ilə bağlı “Lermontov Qafqazda” adlı tədbir keçirilib. İştirakçılar əvvəlcə Qusar şəhərində şairin 1837-ci ildə yaşadığı evin qarşısındakı barelyefi önünə gül dəstələri qoyublar. Mədəniyyət və təhsil işçilərinin, kitabxananın fəal oxucularının iştirak etdiyi mərasimdə müəllimə Fəridə Bayramova şairin Qafqazla, Azərbaycanla və Qusar şəhəri ilə bağlı əsərlərindən söz açıblar. Gənclər Lermontovun şeirlərini söyləyiblər.
Tədbir Mərkəzi kitabxananın konfrans zalında davam edib. MKS-nin direktoru Zahir Mustafayev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilov, Qusar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova, Mərkəzi kitabxananın şöbə müdiri Dilşad Şixqayıbova və digər çıxış edənlər şairin həyat və yaradıcılığından, əsərlərində Qafqazla bağlı motivlərdən danışıblar.
Gənc oxucular Diana Qaraqadayeva və Elvina Qocayeva Lermontovun şeirlərini söyləyiblər. Tədbirdə şairin ana vətəni - Penza vilayətinin Tarxanı şəhərindən gəlmiş “Lermontov Qafqazda” yürüşünün iştirakçıları ilə bu il mayın 2-də Qusar şəhərində keçirilən görüşün və Tarxanı Dövlət Lermontov Muzey-Qoruğunun video görüntüləri nümayiş etdirilib.