Sentyabrın 26-da Şirvan Şəhər Mərkəzi Kitabxanasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369-1417) anadan olmasının 645 illiyi ilə əlaqədar “Mən də sığar iki cahan...” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə şəhər 16 saylı məktəbin şagirdləri, müəllimlər və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə jurnalist Yaqut Hüseynova, kitabxananın direktor müavini Sədaqət Qarayev, baş biblioqraf Kəmalə İsayeva, Heydər Əliyev Mərkəzinin əməkdaşı Aynur Fərzəliyeva, şəhər Mədəniyyət evinin əməkdaşı, publisist-şair Nurlan Qədimov və digər çıxış edənlər şairin yaradıcılığından, keçdiyi keşməkeşli ömür yolundan, ədəbiyyatımıza gətirdiyi yeni bəşəri ideyalardan söz açıblar. Qeyd olunub ki, altı əsrdir böyük Azərbaycan şairi Nəsiminin adı Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir, məsləyi uğrunda dara çəkilib dərisi soyulan, lakin sözündən dönməyən şairin əsərləri bu gün də dillər əzbəridir. Onun azadfikirli etik-əxlaqi görüşləri Azərbaycan ədəbi-fəlsəfi fikir tarixində dərin iz buraxıb, sonrakı mütəfəkkir şairlər üçün örnək olub.
Tədbirdə şəhər 16 saylı məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya maraqla qarşılanıb. Sonda 1973-cü ildə çəkilmiş “Nəsimi” (ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissor Həsən Seyidbəyli) filmi nümayiş olunub.