Sentyabrın 25-də 2014-cü ilin “Əfsanələr paytaxtı” Qəbələdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “Əfsanələr diyarı - Qəbələ” mövzusunda dəyirmi masa keçirilib.
Qəbələ Mədəniyyət Mərkəzində gerçəkləşən tədbirdə rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Ətayə Osmanova, Elmi-Metodiki Mərkəzin direktoru, professor Vilayət İsmayılov çıxış edib.
Dəyirmi masada AMEA-nın Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsinin böyük elmi işçisi Atəş Əhmədlinin “Qəbələ - tarixdə və əfsanələrdə”, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Xalis Məmmədovun “Muzeylərimiz - dünənin, bu günün, sabahın aynası”, rayon Tarix-Bədii Qoruğunun direktoru Bəhruz Şərifovun “Əfsanələr paytaxtı Qəbələ arxeologiya dünyasında” mövzularında məruzələri dinlənilib.
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinə və tədbirdə fəal iştirakına görə bir qrup mədəniyyət işçisinə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəxri fərmanı təqdim olunub.