Dekabrın 9-da Oğuz rayon MKS-nin oxu zalında klassik şeirimizin dahi ustadı Məhəmməd Füzulinin 520 illiyi ilə əlaqədar “Füzulinin söz dünyası” adlı oxucu konfransı keçirilib. Tədbirdə şəhər 1 və 2 saylı məktəblərin VIII sinif şagirdləri və ədəbiyyat müəllimləri iştirak ediblər.
Xidmət şöbəsinin müdiri N.Manafova, şöbənin baş kitabxanaçısı A.Fərzəliyevaya Azərbaycan xalqının dünya ədəbiyyatı xəzinəsinə bəxş etdiyi dahilərdən biri olan Füzulinin həyat və yaradıcılığından söz açıblar. Sonra informasiya və resurs şöbəsinin müdiri M.Bəkirovanın “Füzuli yaradıcılığında ictimai-siyasi mühitin rolu”, xidmət şöbəsinin işçisi A.Cəfərova “Dövlətimizin Füzuli sənətinə verdiyi dəyər” mövzularında çıxışları dinlənilib.
Əməkdar müəllim M.Əsədovanın Füzulinin söz ümmanından tədbir iştirakçılarına söhbət açması maraqla qarşılanıb. Oğuzlu şair Y.Rzayev tədbirin əhəmiyyətini vurğulayaraq, Füzuli irsinin əsrlərdən bəri sevə-sevə oxunduğunu, bu əsərlərin bəşəriyyət var olduqca yaşayacağını deyib. Tədbirdə şagirdlər hazırladıqları kompozisiyanı təqdim ediblər.