Şirvan və Qazaxda Nəbi Xəzrinin 90 illiyi ilə bağlı tədbirlər

Şirvan şəhər Mərkəzi kitabxanasında Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilib. Baş kitabxanaçı Mətanət Zərbəliyeva görkəmli ədibin yaradıcılığından, poeziyasının məziyyətlərindən danışıb. Qeyd edilib ki, Nəbi Xəzri poeziyasının dilinə xas olan rəvanlıq və axıcılıq bəstəkarların da diqqətini cəlb edib, şairin sözlərinə gözəl mahnılar yazılıb. Tədbirdə Şirvan şəhər 10, 16, 18 saylı məktəblərin şagirdləri şairin şeirlərini gözəl intonasiya ilə səsləndiriblər.
* * *
Qazax rayon Mərkəzi kitabxanasında da Nəbi Xəzrinin 90 illiyi münasibətilə “Çinar vüqarlı şair” adlı ədəbi-bədii gecə təşkil edilib. MKS-nin direktoru Solmaz Babanlı tədbiri açaraq Xalq şairinin yaradıcılığından bəhs edib.
Mərkəzi kitabxananın informasiya-resurs şöbəsinin işçisi Könül Əsgərova şairin poeziyası barədə məruzə ilə çıxış edib. Bildirilib ki, müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Nəbi Xəzri poeziyasının başlıca qayəsini ana torpağa bağlılıq, vətənpərvərlik, insana xas olan ən saf duyğuların tərənnümü təşkil edir. O, anaya, övlada, ailəyə qeyrətli Azərbaycan oğlu kimi bağlanıb və həmişə elə, xalqa, Vətənə bütün varlığı ilə arxalanan şəxsiyyət olub.
Tədbirin bədii hissəsində şəhər 2 saylı musiqi məktəbinin saz müəllimi Pərviz Nəbiyevin rəhbərliyi ilə gənc aşıqlar saz havaları üstündə şairin sözlərinə yazılmış mahnıları ifa ediblər. Şəhər 1 saylı tam orta məktəbin şagirdləri şairin şeirlərini söyləyiblər.
Sonda “Çinar vüqarlı şair” adlı kitab sərgisinə baxış keçirilib.