Dünən Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda istedadlı şair Əli Kərimin xatirəsinə həsr olunmuş tədbir keçirildi.
   Tədbiri giriş sözü ilə açan xalq şairi Fikrət Qoca şeirimizin müasir üslub əlvanlığına, intellektual zənginliyə doğru qət etdiyi yolda şair Əli Kərimin izi və addımlarının çox aydın göründüyünü bildirdi.
   Daha sonra çıxış edənlər - tənqidçi V.Yusifli, şair Q.Nəcəfzadə və başqaları -Əli Kərim şeirinin obrazlılığını təmin edən ümdə cəhətləri, bənzərsiz, poetik obrazları, şairin az sözlərlə konkret bir lövhə yaratması, şeirdə rəssamlıq işini uğurla başa çatdırması fikirlərini səsləndirdilər.
   Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Əli Kərimin həmkarları, doğmaları onun həyat və yaradıcılığından söz açdılar, onunla bağlı xatirələrini bölüşdülər.
   Məlumat üçün bildirək ki, Əli Kərim 1931-ci il martın 22-də Göyçay şəhərində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində üç il təhsil almış, sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa getmişdir. Əmək fəaliyyətinə "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi kimi başlamışdır. Bir müddət bu jurnalda poeziya şöbəsinə rəhbərlik etmişdir. Bədii yaradıcılığa 1948-ci ildən "Azərbaycan pioneri" qəzetində çap etdirdiyi "Təzə müəllim" şeirilə başlamışdır. Sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1957-ci ildə Moskvada keçirilən gənclərin və tələbələrin VI Ümumdünya festivalında onun "İlk simfoniya" poeması mükafata layiq görülmüşdür. 1969-cu il iyunun 30-da Bakıda vəfat etmiş, Göyçayda dəfn olunmuşdur.
   Uyuduğu Göyçay mədəniyyət və istirahət parkında Əli Kərimin heykəli ucaldılıb.
   
   “Mədəniyyət”