Şəhər və rayonlarda bayram tədbirləri

Sumqayıt şəhər Corat qəsəbə Mədəniyyət evinin özfəaliyyət kollektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə konsert proqramı təqdim edib. Solistlərin, o cümlədən tanınmış müğənni Təhmiraz Şirinovun ifasında bəstəkar və xalq mahnıları, Şaxta baba və Qar qızın ifasında bayram proqramı maraqla qarşılanıb.
* * *
Cəfər Cabbarlı adına Sumqayıt şəhər Mədəniyyət evində də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şənlik keçirilib. Mədəniyyət evinin “Turan” rəqs qrupunun çıxışı, xalq çalğı alətləri ansamblının müşayiəti ilə müğənnilərin ifasında bəstəkar və xalq mahnıları maraqla izlənilib. Mədəniyyət evi tərəfindən keçirilən tədbirlərdə fərqlənən özfəaliyyət kollektivlərinin üzvləri fəxri fərmanla təltif edilib, şənliyə qatılan uşaqlara Yeni il hədiyyələri təqdim olunub.
* * *
Qazax Dövlət Rəsm Qalereyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir təşkil edilib. Tədbiri qalereyanın direktoru Minəvvər Xəlilova açaraq iştirakçıları bayramlar münasibətilə təbrik edib, dövlətimizin inkişaf yolundan və qazanılan nailiyyətlərdən danışıb. Sonra balaca rəssamların çəkdikləri əsərlərə baxış olub.
* * *
Qusar rayon uşaq incəsənət məktəbində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş ”Mənim Azərbaycanım” mövzusunda vətənpərvərlik tədbiri keçirilib.
Məktəbin direktoru Reyhan Bağışova Azərbaycanın qədim tarixindən, mədəniyyətindən, bu diyarın sakinlərinin adət və ənənələrindən söhbət açıb. Qeyd edib ki, ölkəmizdə bütün millətlər bir-biri ilə mehribanlıq şəraitində yaşayır və doğma Azərbaycanın çiçəklənməsi üçün çalışırlar.
Məktəbin müəllim və şagirdlərin ifasında vətənə həsr olunmuş şeirlər, Azərbaycan xalq rəqsləri, xor kollektivinin çıxışı tədbirə rəng qatıb. Görkəmli bəstəkarlar Tofiq Quliyevin “Doğma diyar Azərbaycan”, Cahangir Cahangirovun “Xəzərim”, Polad Bülbüloğlunun “Şən Azərbaycan”, Səid Rüstəmovun “Azərbaycan” mahnıları alqışlarla qarşılanıb.
* * *
Dekabrın 25-də Astara rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində şəhər 2 saylı Körpələr evinin iştirakı ilə “Xoş gəldin, Yeni il” adlı şənlik keçirilib.
Şöbənin müdiri Gülüstan Dadaşova, MKS-nin direktoru Tural Eyvazov, rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru və digər çıxış edənlər iştirakçılara bayram təbriklərini və ən xoş arzularını çatdırıblar. Yeni ilə həsr olunmuş mahnılar, şeirlər uşaqların böyük marağına və sevincinə səbəb olub. Uşaqlara bayram hədiyyələri təqdim edilib.