Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun (1964-1994) xatirəsi Ağcabədi rayonunda onun adını daşıyan Hindarx qəsəbə tam orta məktəbində anılıb.
Mərasimdə Milli Qəhrəmanın ailə üzvləri, müəllimləri və döyüş dostları çıxış edərək onun mənalı həyat və döyüş yolundan danışıblar. Bildirilib ki, Etibar Bəylər oğlu İsmayılov 1990-cı ildə könüllü olaraq müdafiə batalyonlarından birinə yazılaraq Vətənimizin müdafiəsində iştirak edib, döyüşlərdə igidlik göstərib. 1994-cü il yanvarın 4-də Xocavənd rayonunun Nərgiztəpə və Ceyil yüksəkliyi istiqamətindəki əməliyyat onun son döyüşü olub.
Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Tədbirdə məktəblilərin ifasında kompozisiya təqdim edilib.
Həmçinin Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində Etibar İsmayılova həsr edilmiş “Vətənə etibarlı oğul” və “Vətən mənə oğul desə” filmləri nümayiş etdirilib.