Azərbaycan zəngin folklor nümunələri ilə dünyada tanınır. Bölgələrimizdə xalq yaradıcılığını qoruyub saxlayan, inkişaf etdirən kollektivlər var. Onlardan biri Astara rayonunun Kakalos kəndində Fərbiyyə Şabanovanın təşəbbüsü ilə 1965-ci ildə yaradılan “Əvəsor” folklor kollektividir.
“Əvəsor” talış dilində “təzə il”, “novbahar” mənasını daşıyır. İlk illərdə heyəti üç nəfərdən ibarət olan kollektiv, elə həmin vaxtdan kənd-kənd, oba-oba gəzərək şifahi xalq nümunələrini təbliğ edir. Hazırda 30 nəfəri özündə birləşdirən kollektivin rəhbəri Fərbiyyə Şabanova deyir ki, repertuarlarının əsasını anaların sinədəftər bayatıları, nəğmələri təşkil edir. Repertuarda “Talış toyu” kompozisiyası, “Biçində”, “Qardaş, toyun mübarək”, “Naz etmə” rəqsləri, “Lay-lay”, “Elçilik”, “Xınayaxdı” və sair folklor nümunələri var.
2000-ci ildə Mədəniyyət Nazirliyinin əmri ilə “Əvəsor” folklor kollektivinə “Xalq kollektivi” adı verilib. 2015-ci ildə 50 illiyini qeyd edən ansambl respublikada keçirilən tədbirlərdə, beynəlxalq festivallarda da uğurla çıxış edir.
Kollektivin rəhbəri F.Şabanova uzunillik fəaliyyətinə görə “Tərəqqi” medalına, Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülüb. “Əvəsor”un nəzdində fəaliyyət göstərən “Nəcib qızlar klubu”nun əl işləri respublikada keçirilən müsabiqələrdə mükafat qazanıb.