Fevralın 1-dən qapılarını işçi heyətinin üzünə açan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında üç tamaşanın məşqlərinə başlanılıb. Teatrın mətbuat katibi Elçin Cəfərov bildirib ki, M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasının quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Siyavuş Kərimi, plastika üzrə təlim və rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayeva, rejissor assistenti Xanım Həsənovadır.
   Məşqlərinə başlanan ikinci səhnə əsəri yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşası olacaq. Yeni quruluşda təqdim olunacaq tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarları Polad Bülbüloğlu və Vasif Adıgözəlov, rejissor assistentləri Rəfiqə Musayeva və Vüqar Məmmədovdur. Tamaşada İbrahim xanı İlham Əsgərov və Kazım Abdullayev, Ağabəyimağanı Məsmə Ağaverdiyeva, Axund Mirmöhsün ağanı Rafiq Əzimov və Mirzə Ağabəyli, Tubu xanımı Firəngiz Mütəllimova oynayırlar.
   Teatrda daha bir tamaşa Afaq Məsudun “Qatarın altına atılan qadın” əsəri əsasında hazırlanır. İki hissəli tragikomediyanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı və oranjemançısı Rauf Əliyev, rejissor assistenti Rəfiqə Musayevadır.
   Hər üç tamaşada bütün rollarda dublyor olacaq. Bir rolu iki və ya üç aktyor oynaya biləcək.