Akademik Milli Dram Teatrı uzun fasilədən sonra tanınmış türk yazıçısı Tuncer Cücenoğlunun «Uçqun» əsəri əsasında hazırladığı tamaşanı teatrsevərlərin ixtiyarına verib. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşanın rəssamı Əməkdar incəsənət xadimi Ağarəhim Əliyev, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Tamaşanın idarə edəni isə Əməkdar mədəniyyət işçisi Rəfiqə Musayevadır. Rolları Xalq artisti Hacı İsmayılov, əməkdar artistlər Səidə Quliyeva, Telman Əliyev, Kazım Abdullayev, Mətanət Atakişiyeva və digərləri ifa edir.
   Milli Dram Teatrında ilk dəfə 2007-ci ilin dekabrında oynanılmış tamaşada uçqun təhlükəsi altında olan qədim türk yaşayış məskənindən bəhs olunur. Uçqun qorxusundan kənddə yaşayan heç kəs ucadan səs çıxara bilməz. Gənc qadın isə körpəsini dünyaya gətirməklə təhlükə törədə bilər. Qadınla bağlı ölüm hökmü çıxarılsa da o, ölümün pəncəsindən xilas olur. Körpə dünyaya gəlir, lakin körpənin çığırtısı uçquna səbəb olmur. Nəticədə burada yaşayan hər bir kəs ölümdən qurtarır.