Mayın 10-da Dövlət Musiqili Komediya Teatrı yeni səhnə əsərini - gürcü dramaturqu A.Saqareli və bəstəkar V.Dolidzenin məşhur “Xanuma” komediyasını sənətsevərlərə təqdim edəcək. Hazırda teatrın binasında təmir işləri getdiyi üçün premyera Gənc Tamaşaçılar Teatrının səhnəsində keçiriləcək.
   
   Xatırladaq ki, dünyanın bir çox teatrlarının afişalarını bəzəyən Xanuma obrazı hələ 70-ci illərdə görkəmli aktrisa, SSRİ Xalq artisti Hökumə Qurbanovanın ifasında Akademik Milli Dram Teatrının səhnəsində təqdim olunmuşdu.
   Bu dəfə isə məşhur obraz Azərbaycanın Xalq artisti Afaq Bəşirqızının təfsirində tamaşaçılarla görüşə gələcək. Milli teatrımızda dramatik-faciəvi qadın obrazlarının bənzərsiz ifaçısı Hökumə Qurbanova və hər ifası ilə çöhrələrə gülüş gətirən Afaq Bəşirqızı - milli aktyorluq məktəbinin iki fərqli sənətkarı. Nədən «Xanuma»? Və nədən Afaq Bəşirqızı?
   Bu suallara cavab tapmaq üçün Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevə müraciət etdik.
   
   - Əliqismət müəllim, orta nəsil teatr ictimaiyyəti Xanumanı Milli Dram Teatrının səhnəsində Hökumə Qurbanovanın ifasından yaxşı xatırlayır. Siz isə 40 il sonra «Xanuma»nı Musiqili Komediya Teatrına gətirdiniz. Belə bir əsərə teatrda doğurdanmı ehtiyac duyulurdu?
   - Yaxşı əsərə hər bir teatrda hər zaman ehtiyac duyulur. «Xanuma» operetta janrında yazılan bir əsərdir. Əsər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən beynəlxalq layihə kimi təsdiqlənib və dövlət sifarişi ilə hazırlanır. Bu baxımdan məsuliyyətimizi yaxşı başa düşürük. Xanuma rolunda Afaq Bəşirqızını görənlər bu aktrisaya yenidən vurulacaqlar. Onun istedadının müxtəlif çalarlarını görəcəklər. Ümidvaram ki, Xanuma obrazı Afaq xanımın sənət taleyində yeni bir dönüş mərhələsi olacaq. Tamaşada eyni zamanda Xalq artisti Arif Quliyev, əməkdar artistlər Xanım Qafarova, Səmayə Musayeva, aktyorlar Ələkbər Əliyev, Gülcahan Salamova, Nahidə Orucova, Əzizağa Əzizov, Fərid Əliyev, Nərgiz Kərimova, Hüseyn Əlili, Əliməmməd Novruzov rol alıblar.
   - Səhnə əsərinin beynəlxalq layihə kimi hazırlanmasını necə qiymətləndirirsiniz?
   - Bilirsiniz ki, bu gün Azərbaycanın sənət məkanına, xüsusən teatr sahəsinə başqa ölkələrdən dəvət edilmiş rejissor, bəstəkar və rəssamların adı daxil olur. Xarici ölkə sənətçiləri böyük həvəslə teatrlarımıza üz tuturlar. Mən on illər bundan öncə bizim sənət adamlarının xaricə axınını xatırlayıram. İndi isə xarici sənətkarlar Azərbaycana üz tuturlar. Hətta bölgə teatrlarında işləmək belə onlar üçün sərfəli və maraqlıdır. Bu, çox əlamətdar faktdır. Deməli, ölkəmiz o qədər inkişaf edir ki, hamı, hər kəs bura can atır.
   Nəticə isə göz qabağındadır - yeni tamaşalar yaranır, yeni əsərlər səhnəyə gəlir, yeni proqramlar əhalini valeh edir. Təsadüfi deyil ki, 2010-cu ilin «Zirvə» mükafatını Rusiyanın Sankt-Peterburq şəhərinin Aleksandrinski Teatrından dəvət olunmuş rejissor İsgəndər Sakayevin Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında hazırladığı «Yay gecəsində yuxu» tamaşası aldı. Ötən il beynəlxalq musiqi layihəsi çərçivəsində, Rusiyanın tanınmış sənətkarlarının iştirakı ilə Xalq artisti Firəngiz Əlizadənin «İntizar» operası Heydər Əliyev Sarayında yeni quruluşda təqdim olundu. Yenə ötən il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı alman yazıçısı Hofmanın məşhur «Şelkunçik» əsəri Minsk Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Nataliya Başevayanın quruluşunda səhnələşdirdi. Bu il yanvar ayının 21-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblı Heydər Əliyev Sarayında, bədii rəhbəri və quruluşçu baletmeysteri Rusiyanın Xalq artisti, professor Edvard Smirnov olan «Müqəddəs bahar» layihəsini tamaşaçılara təqdim etdi.
   Görün, bizim sənət məkanına nə qədər yeni isimlər daxil olur?! Biz də bu təcrübədən və imkandan yararlanmaq istədik və gürcü rejissoru Koça Kapanadzeyə müraciət etdik. O, isə şübhəsiz ki, öz komandasını təklif etdi. Quruluşçu rəssam Lomqul Murusidze, geyim üzrə rəssamlar Ketevan Titişvili, Tamuna Maçaraşvilinin «Xanuma» üzərində bizim sənətkarlarla birlikdə çalışması təklifi Mədəniyyət və Turizm Nazirliyində qəbul edildi. Biz də işə başladıq. Elə bilirəm ki, tamaşanın qazanacağı uğur hamımızın düzgün seçim etməyimizi sübuta yetirəcək.
   - Bildiyimizə görə, Akademik Milli Dram Teatrında da «Xanuma»ya yenidən müraciət olunub.
   - Çox gözəl. Gürcüstanda «Xanuma»nın onlarla səhnə variantı mövcuddur. Düşünürəm ki, Milli Dram Teatrının «Xanuma»sı da maraqlı olacaq və mən bu layihəni də alqışlayıram. Bu gün Üzeyir Hacıbəylinin «Arşın mal alan», «O olmasın, bu olsun» komediyaları nəinki ayrı-ayrı teatrlarımızda, hətta kukla teatrında repertuara daxil edilir. Hər birisinin də öz müsbət tərəfləri var. «Xanuma» da elə. İndi bu əsər dünya teatrlarını bəzəyir. İnanıram ki, bizim «Xanuma» da çox fərqli bir sənət nümunəsi olacaq və bu tamaşa teatrımız üçün irəliyə doğru addım kimi yaddaşlarda qalacaq. Odur ki, mən Musiqili Komediya Teatrının yaradıcılığı ilə maraqlanan hər kəsi sevindirmək istəyirəm: «Gözləyin, «Xanuma» gəlir!».
   
   Lalə Bağırova