Bakı Uşaq Teatrı teatr daxilində monotamaşalar festivalı keçirəcək. Teatrın rəhbəri İntiqam Soltan bildirib ki, iyun ayında keçiriləcək festivalda teatrda çalışan bütün aktyorların iştirak etməsi vacibdir. Çünki monotamaşalar festivalında aktyorlar üzə çıxmamış qabiliyyətlərini göstərə biləcəklər: «Məqsəd teatrın repertuarının zənginləşməsi və aktyorlara stimul verməkdir. Burada hər bir aktyor bacarığını və bizim hələ görə bilmədiyimiz qabiliyyətini nümayiş etdirəcək. Aktyorlar rejissor seçimində sərbəstdirlər. Sevilən hər bir tamaşa repertuara daxil ediləcək. İlk üç yeri tutan tamaşaların sahibləri isə mükafatlanacaqlar».
   İ.Soltanın sözlərinə görə, tamaşalar Azərbaycan, rus və ingilis dillərində oynanılacaq. Tamaşaları Mədəniyyət və Turizm Nazirliyinin, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, müxtəlif teatrların nümayəndələrinin təmsil olduğu münsiflər heyəti qiymətləndirəcək.