Görkəmli rus aktyoru Vasili Lanovoy Bakı səhnəsində
   
   Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsi mayın 21-22-də moskvalı qonaqların ixtiyarına verilmişdi. Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı Rusiyanın Xalq artisti Sergey Yaşinin quruluşunda “Yevaya ithaf olunur” tamaşasını bakılı teatrsevərlərə təqdim etdi. Fransız dramaturqu Erik-Emmanuel Şmitin pyesi əsasında hazırlanan tamaşada əsas rolları məşhur aktyor, SSRİ Xalq artisti Vasili Lanovoy və Rusiyanın Xalq artisti Yevgeni Knyazev ifa ediblər.
   Pyesdəki hadisələr Norveç adalarından birində cərəyan edir. Məşhur yazıçı, Nobel mükafatı laureatı Abel Znorko (V.Lanovoy) burada tənha həyat sürür. Özünü jurnalist Erik Larsen (Y.Knyazev) kimi təqdim edərək müsahibə razılığı almış bir nəfər gözlənilmədən yazıçının sakit həyatını pozur. Qəhrəmanların görüşünü şərtləndirən səbəb Znorkonun Larsenin zövcəsi olan Yeva adlı gənc bir xanımla yazışmasından qaynaqlanan kitabın işıq üzü görməsi olub. Antaqonist olan iki qəhrəmanı ümumi itki - birinin ilham pərisi, o birinin ömür-gün yoldaşı olmuş sevdikləri qadının ölümü bağlayır.
   Tamaşada tanınmış aktyorların harmonik dueti gözəl təsir bağışlayır. Onlar şövqlə, məharətlə oynayaraq, pyesin fəlsəfi qayəsini açır, tamaşaçını gizli mətləblərdən agah edirlər: gözlə görə bilmədiyimiz həqiqəti insani münasibətlərdə axtarmaq lazımdır.
   Tamaşaçıların sürəkli alqışları səhnə əsərinə verilən ən yüksək qiymət idi.