Xəbər verdiyimiz kimi, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Antalyada keçirilən beynəlxalq teatr festivalı çərçivəsində təşkil olunan TÜRKSOY ölkələrinin dövlət teatr direktorlarının toplantısında iştirak edib TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Direktorları Şurasının ilk sədri seçilən İ.İsrafilov toplantıda bir sıra təkliflərlə çıxış edib. Təkliflər Mirzə Fətəli Axundovun 200 illik yubileyinin bütün türk dövlətlərinin teatrları tərəfindən qeyd olunmasını, dramaturqun pyeslərinin müxtəlif türk dövlətlərinin səhnəsində oynanılmasını, «Kitabi Dədə Qorqud» dastanının 12 boyunun TÜRKSOY-a üzv dövlətlərin teatrlarında səhnələşdirilməsini, rejissor və aktyor mübadilələrini, qarşılıqlı qastrol səfərlərini, yaradıcı və mühəndis-texniki heyətin staj keçməsini nəzərdə tutur. Təkliflər toplantı iştirakçıları tərəfindən qəbul olunub.
   Toplantıda TÜRKSOY üzvü olan dövlətlərin teatrlarının vahid internet saytının və türkdilli dövlətlərin dramaturqları tərəfindən yazılan pyeslərdən ibarət almanaxın yaradılması da təklif edilib.