Diqqət, məşq gedir!
   
    Akademik Milli Dram Teatrında “Qatarın altına atılan qadın” tamaşasının məşqləri gedir. Bir sənət adamının faciəsindən bəhs edən əsərin müəllifi yazıçı Afaq Məsud, quruluşçu rejissoru Mehriban Ələkbərzadədir. 
      
   Bu dəfə səhnədə ötən əsrin sonları, çökmüş imperiyanın qalıqları altında çaş-baş qalmış insanların faciəsi canlandırılacaq. Gələcək uzaqda, keçmiş dünəndə. Ömrünü səhnəyə həsr etmiş, insanların məhəbbətini, sevgisini, alqışını qazanmış aktrisanın lazımsız bir əşya kimi daha heç kimə gərək olmayan acı taleyi Afaq Məsudun qələmi, Mehriban Ələkbərzadənin rejissor yozumunda təqdim olunacaq.
   Hadisələr getməyə yeri olmayanların son dayanacağında - vağzalda cərəyan edir. Müxtəlif taleli, müxtəlif dərdli insanların yaşantıları və faciəsi həyatın lövhəsi kimi səhnəyə köçürülür.
   
   “Hər bir insanın faciəsi kədərə layiqdir”
   
   Bunlar “Qatarın altına atılan qadın” tamaşasının məşqini izləyərkən yaranan ilk təəssüratlardır. Məşqdə yaranan fasilə zamanı tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə ilə söhbət edirik.
   Mehriban xanım deyir ki, əsərin birinci variantı komediya janrında, adı da “Qatarın altına atılan qadın” yox, “Yol üstə” olub. Qrotesk üslubunda qurulmuş bu komediya rejissorun ürəyincə olmayıb. Bundan sonra Afaq xanımla birgə xeyli düşünüb daşınıblar. Nəticədə üç aydan sonra “Qatarın altına atılan qadın” əsəri ortalığa çıxıb. Özü də bu dəfə komediya janrında yox, faciə janrında. “Hər bir insanın faciəsi kədərə layiqdir”. Özünü bütövlükdə səhnəyə həsr etmiş aktrisaya bir gün “sən artıq yaramırsan”, “dəbdə deyilsən” deyib səhnədən, teatrdan uzaqlaşdırmaq, onu məhv etmək deməkdir. Bu insanın ruhu narahat ruh olacaq, həmişə dönə-dönə həmin məkana qayıdacaq. Əslində tamaşada olan obraz qəhrəmanın özü yox, ruhudur. İnsanları fəlakətlər yox, insanı yenə də insan məhv edəcək.
   Mehriban xanım tamaşadakı obrazlardan da danışdı: “Tamaşada müstəvisini dəyişmiş insanların taleyindən söhbət gedir. Dünyaya gələn insana bir missiya verilir. İstəsə də, istəməsə də sonda bu missiya ilə barışmalıdır. Qatarın altına atılan qadına da bu missiya verilib”.
   Xatırladaq ki, “Qatarın altına atılan qadın” tamaşasında baş rolun ifaçısı müəyyən səbəblərə görə iki dəfə dəyişməli olub: “Bu obraz aktyordan ikinci-üçüncü dərəcəli plan istəyir, hərəkət istəyir. Kəmalə Hüseynova Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından biridir. Bu obraz üçün yaşı az ola bilər, amma bu rolun yükünü daşımağa qadirdir”.
   
   “Bu obraz daxilimdəki qadın obrazlarından biridir”
   
   Baş rolun ifaçısı, Gənc Tamaşaçılar Teatrının aktrisası Kəmalə Hüseynova fikirlərini bizimlə bölüşdü:
   - Bu mənim Mehriban xanımla ilk işim deyil, bundan əvvəl onun “Məhkumlar” filminə çəkilmişəm. Əvvəlcə danışdıq, dedi ki, səni belə bir obraza dəvət edirəm. Əsəri oxuyanda gözlərimə inanmadım. Çoxdan idi ki, belə bir obraz oynamaq arzusunda idim. Bu obrazla daxilimdəki qadın obrazı tam üst-üstə düşürdü. Bu şansı təbii ki, əldən buraxmadım. Bu obrazı oynamaq mənə çətin deyil. Mən sadəcə içimdəki obrazın rənglərini verirəm, saçını, qaşını düzəldirəm, yaşantılarını yaşayıram və səhnədə canlandırıram.
   
   “Yeni rol, yeni insandır”
   
   Tamaşada vaxtilə şan-şöhrəti olan, zaman dəyişdikcə kürsüsünü, şöhrətini itirən, yazdıqları daha qəbul olunmayan, keçmişinə qapı bağlamağa cəhd edən yazıçı obrazını Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Cəfər Namiq Kamal oynayır. Obraz barədə aktyor nələr düşünür:
   - Hər bir yeni rol yeni insan deməkdir. Aktyor yaratdığı obrazın əvvəl iç dünyasını yaradır. Bu obraz keçmişini itirmiş bir insanın obrazıdır. Vaxtı ilə bu dramaturq olub, əsərlər yazıb, lojalarda oturub, çox hörmətli bir adam olub, həyat elə gətirib ki, zamanla ayaqlaşa bilməyib, həyatın dibinə yuvarlanıb. Ədyalını, kitablarını götürüb vağzalda yaşayır. O keçmişi ilə vidalaşmaq, keçmişini unutmaq istəyir. Təsadüfən vağzalda aktrisa ilə qarşılaşanda köhnə günləri yadına düşür, bir az dirçəlir.
   Dərdli bir obrazdır. Neçə alınacaq, tamaşaçılar tərəfindən necə qarşılanacaq, bunu indidən söyləmək çətindir.
   
   Oyun bitir
   
   Tamaşada tumsatan obrazını oynayan Akademik Milli Dram Teatrının aktrisası Əminə Babayevanın fikirləri də maraq doğurur:
   - Tamaşa bütün həyatını teatra fəda edib, axırda lazımsız əşya kimi kənara atılan bir sənət adamının taleyindən bəhs edir. Bu tamaşada bütün personajların yükləri var, söhbət müxtəlif yollarla həyatın dibinə atılmış insanların taleyindən gedir. Mənim burada rolum tumsatandır. Bu obrazın əvvəli kim olub, bəlkə əvvəllər hörmətli bir sənət sahibi olub, bu, bəlli deyil. Həyat elə gətirib ki, indi tum satır. Əsər tragikomediyadır, hər obrazın öz faciəsi var. Mən tamaşada Hicran xanım Nəsirova ilə dublyoram, bu obraz da maraqlı bir obrazdır.
   Tamaşanın quruluşçu rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Dilbər Camalzadədir.
   Həyatın yaşantıları, anları, rəngləri, keçmiş və indi tamaşa boyu bir-birinə qarışır. Aktrisanın vağzaldakı son günü, son və bəlkə də ən uğurlu oyunu ilə başa çatır. Oyun bitir.
   İndi qalır tamaşanın məşqlərinin bitməsini və “Qatarın altına atılan qadın”ın səhnə təqdimatını gözləmək.
   
   Təranə Vahidqızı