“Houston Grand Opera”da möhtəşəm premyera
   
   ABŞ-ın məşhur konsert salonlarından olan “Houston Grand Opera”nın səhnəsində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, professor Firəngiz Əlizadənin “Sənin adın Dənizdir” (“Your Name Means the Sea”) adlı operasının premyerası keçirilib.
  
 
   Musiqisi ilə yanaşı, librettosu da F.Əlizadəyə məxsus olan opera Denis (Dəniz) adlı amerikalı rəssam qızla okeanın o tayından anası ilə qastrola gəlmiş azərbaycanlı gənc xanəndə Seymurun məhəbbətindən bəhs edir.
   Dəniz və Seymurun məhəbbəti iki musiqi cərəyanı vasitəsilə təqdim edilir. Dənizin partiyasını hyustonlu soprano Lora Botkin, atasını amerikalı bariton Con Pakkard, Seymurun partiyasını istedadlı gənc xanəndə Babək Niftəliyev, anasını isə Xalq artisti Mələkxanım Əyyubova ifa ediblər. Onları müşayiət edən orkestrin tərkibində Azərbaycan ifaçıları - xalq artistləri, tarzən Möhlət Müslümov, kamançaçalan Fəxrəddin Dadaşov da olublar.
   F.Əlizadənin müasir dövrün musiqisini milli muğamımızla məharətlə sintez etməsi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Premyeradan sonra “Houston Chronikle” qəzetində opera barədə Firəngiz Əlizadəyə xitabən “Sizin adınız Qərblə Şərqin simvoludur” sərlövhəli geniş məqalə dərc olunub. Amerika mətbuatı bəstəkarın üslubundan bəhs edərək, onun Şərqin modal sistemi ilə Qərbin bəstəkar texnikasının cəsarətlə sintez etdiyini vurğulayıb. Qeyd olunub ki, bu, azərbaycanlı bəstəkarın növbəti böyük uğuru və Şərqlə Qərbin mədəniyyətlərarası dialoquna qiymətli hədiyyəsidir.
   Qeyd edək ki, “Houston Grand Opera”nın səhnəsində “Your Name Means the Sea” operasının premyerası 4 gün - mayın 21, 23, 24 və 26-da anşlaqla keçib.