Bir həftə ərzində Lənkəran teatrının səhnəsində sənətsevərlərə 13 teatrın tamaşaları təqdim olunacaq
   
   İyunun 21-də Lənkəranda “Yeni Teatr” II Respublika festivalı başlandı. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan festival «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq keçirilir.
   
   Dövlət Proqramında respublika və beynəlxalq səviyyəli festivalların, konqreslərin, elmi-praktiki konfransların keçirilməsi nəzərdə tutulub. Proqramın müvafiq bəndlərinin icrası məqsədilə Mədəniyyət və Turizm Nazirliyi 2011-ci il iyunun 21-dən 27-dək «Yeni Teatr» II Respublika Festivalı keçirir.
   Teatr festivalının açılışından sonra qonaqlar Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Lənkəran Dram Teatrında keçirilən açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son illər Azərbaycan teatrında görülən işlərdən söz açdı, 138 illik tarixə malik Azərbaycan teatrının bu gün öz intibahını yaşadığını vurğuladı. Nazir müavini “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müddəalarına müvafiq olaraq ikinci dəfə keçirilən «Yeni Teatr» respublika festivalının başlıca məqsədinin regionlarda mədəniyyətin daha da inkişaf etməsinə təkan vermək, bölgələrdə fəaliyyət göstərən teatrların bacarığını bu festival vasitəsi ilə nümayiş etdirmək, teatrlar arasında yaradıcılıq əlaqələrini möhkəmləndirmək, sənət mübadiləsinə şərait yaratmaqdan ibarət olduğunu bildirdi.
   Qeyd edək ki, festivalın Təşkilat Komitəsinə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sədrlik edir. Təşkilat komitəsinə nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, şöbənin Teatr sektorunun müdiri Naidə İsmayılzadə, Teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova, Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayev, Lənkəran Dram Teatrının direktoru İslam Həsənov, Dövlət Teatr Muzeyi direktorunun müavini Nazim Məmmədov, rejissor Rövnəq Həsənzadə (AzTV) daxildirlər. Festivalın qonaqları sırasında Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, sənətşünaslıq namizədi Aydın Talıbzadə, dramaturq Əli Əmirli, Xalq artisti Amaliya Pənahova, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, Teatr Xadimləri İttifaqının katibi, teatrşünas Kəmalə Cəfərzadə və başqaları var.
   Bir həftə davam edəcək festivalda respublikanın 13 teatrı - Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Yuğ Dövlət Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Pantomima Teatrı, Gəncə Dövlət Dram Teatrı və Bakı Bələdiyyə Teatrı iştirak edir.
   Festival iştirakçıları Lənkəran Dövlət Dram Teatrının binasında Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış və Azərbaycan teatrının yaradıcılıq yoluna həsr olunmuş səyyar fotosərgi ilə tanış oldular.
   Festivalın ilk günü öncə Lənkəran Dövlət Dram Teatrı Qriqori Qorinin “Herostratı unudun” əsəri əsasında hazırlanmış tamaşanı təqdim edib. Axşam isə Azərbaycan Dövlət Rus Dram Teatrı Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını göstərib.
   Bu gün, iyunun 22-də Mingəçevir Dövlət Dram Teatrı Nodar Dumbadzenin «Mən, nənəm, İliko və İlarion» əsəri əsasında tamaşanı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı isə Tuncer Cücenoğlunun «Ziyarətçi» tamaşasını təqdim edəcək.

   Təranə