Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşhur rus bəstəkarı Sergey Raxmaninovun “Aleko” operasının quruluşu üzərində məşqlər başlanıb.
   Tamaşanın quruluşçu-rejissoru tanınmış ukraynalı opera rejissoru Nikolay Tretyakdır. Teatr rəhbərliyinin dəvətilə oktyabrın 11-də Bakıya gələn N.Tretyak tamaşanın quruluşu üzərində işə başlayıb. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlovdur. Tamaşada teatrın əsas solistlərindən əməkdar artistlər Əli Əsgərov, Əvəz Abdullayev, Zemfira İsmayılova, həmçinin gənc və istedadlı vokalçılar İlahə Əfəndiyeva, İlham Nəzərov, Fərid Əliyev, Tural Ağasıyev, Səbinə Vahabzadə iştirak edəcəklər.
   Rus opera sənətinin incilərindən olan “Aleko” operası A.Puşkinin “Qaraçılar” poemasının motivləri əsasında yazılıb. Operanın premyerasının noyabrın sonunda keçirilməsi nəzərdə tutulub.