Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında UNESCO-nun nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) Azərbaycan Milli Mərkəzinin ilk konfransı keçiriləcək. Teatrdan verilən məlumata görə, tədbirdə ASSİTEJ-in prezidenti İvetta Hardi sözügedən təşkilatın fəaliyyəti haqqında çıxış edəcək, təşkilatın Azərbaycan Milli Mərkəzinin sədri Mübariz Həmidov mərkəzin fəaliyyət proqramı haqqında məlumat verəcək. Tədbirə Birləşmiş Ərəb Əmirliklərindən Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Saif Əl Alkham və başqa xarici ölkə teatrlarının rəhbərləri də qatılacaq.
   Qeyd edək ki, UNESCO-nun nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası İcraiyyə Komitəsinin Fransada keçirilmiş qurultayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı qurumun üzvlüyünə qəbul olunub. Qurultayda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunub, teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov isə ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri təyin edilib.
   Konfransın noyabrın 3-də keçirilməsi nəzərdə tutulur.