Noyabrın 1-dən 6-dək «Azərbaycan Teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək.
   
   Mədəniyyət və Turizm Nazirliyi, UNİMA - Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunur.
   Festival çərçivəsində 16 ölkədən 20-dən çox kukla teatrı - A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, «Bəbək» Televiziya Teatrı, Böyük Britaniyadan «Kağız kino», Rumıniyadan «Qonq», İspaniyadan «Pley Ground», Türkiyədən «Pəmbə qurbağa», İordaniyadan «Arab Rey», Avstriyadan «Fiqur», Gürcüstandan «Budruqana» və «Multi-pulti dünyası», Misirdən «Vel ya Vel», Başqırdıstandan «Qursaq», İran İslam Respublikasından «Saina», Litvadan «Lele», Tatarıstandan «Ekiyat», Estoniyadan Rauf Avşar Teatrı, Özbəkistandan Xarezm Vilayət Kukla Teatrı, Ukraynadan Poltava Akademik Vilayət Kukla Teatrı, Çuvaşiyadan Çeboksarı Dövlət Kukla Teatrı, Həştərxandan Dövlət Kukla Teatrı, Qazaxıstandan Petropavlovsk Dövlət Kukla Teatrı çıxış edəcək.
   Festival çərçivəsində noyabrın 2-də Dövlət Gənc Tamaşaçılar Teatrında «Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika» adlı elmi-simpozium keçiriləcək. Simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri - UNİMA-nın baş katibi Jacques Trudeau (Paris), UNİMA-nın vitse prezidenti Stanislav Dubrava (Çexiya), ASSİTEJ-in (Beynəlxalq uşaq və gənclər teatrları Assosiasiyası) prezidenti İvetta Hardi (Cənubi Afrika), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais (Kanada), BTİ-nin Yaxın Şərq ölkələri üzrə koordinatoru İbrahim Assiri (Səudiyyə Ərəbistanı), Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Saif Əl Alkham (BƏƏ), İliya Universitetinin rektoru Levan Xetaquri (Gürcüstan) iştirak edəcəklər.
   Noyabrın 2-6-da Dövlət Kukla Teatrında Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı ilə ustad dərsləri keçiriləcək.
   Noyabrın 1-də Dövlət Kukla Teatrında media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.