Dünən Atatürk Mərkəzində xalq yazıçısı İsmayıl Şıxlının türk dilində çapdan çıxmış “Dəli Kür” romanının təqdimatı keçirildi. Əsəri yazıçı Yasəmin Bayer Türkiyə türkcəsinə çevirib. Təqdimat mərasimində kitabı türkcəyə çevirən Yasemin Bayer bu romanı oxuyanda İ. Şıxlının yaşadı bölgənin və mənsub olduğu xalqın tarixinə nə qədər bağlı olduğunu başa düşdüyünü bildirdi. O, yaxın zamanlarda yazıçının “Ölüləri qəbiristanlıqda basdırın” kitabı da Türkiyədə işıq üzü görəcəyini vurğuladı. Millət vəkili Sabir Rüstəmxanlı isə Azərbaycan ədəbiyyatında azərbaycanlı xarakterini və ruhunu “Dəli Kür” romanı qədər yüksək səviyyədə təmsil edən ikinci bir əsərin olmadığını qeyd etdi : “Cahandar ağa obrazı Azərbaycanın böyük tarixinin simvoludu. O xarakteri millət olaraq itirməyə doğru gedirik”.Qeyd edək ki, təqdimat mərasimində yazıçı və şairlər, o cümlədən millət vəkilləri də iştirak ediblər.