Noyabrın 21-də Gənclər və İdman Nazirliyində Gənclərin I Ümumrespublika Teatr Festivalına həsr olunmuş mətbuat konfransı keçirildi.
   
   Mətbuat konfransında çıxış edən millət vəkili Jalə Əliyeva Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan festivalın Gənclər və İdman Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirildiyini bildirdi. Millət vəkili bu ilin avqustundan başlayaraq Zaqatala, Ucar, Mingəçevir və İsmayıllıda yaradıcı gənclərlə görüşlər keçirildiyini, festivala 110-a yaxın gəncin cəlb olunduğunu dedi: “İndiyədək 12 tamaşa ssenarisi qəbul olunub, kollektivlərə paylanıb. Noyabrın 28-30-da Gənc Tamaşaçılar Teatrında tamaşalara ictimai baxış keçiriləcək”.
   Festival dekabrın 1-də yekunlaşacaq. Həmin gün Gənc Tamaşaçılar Teatrında qala-konsert keçiriləcək. Festivalın mükafatçıları, o cümlədən ən yaxşı ssenari, ən yaxşı rejissor, ən yaxşı qadın və kişi rolları və s. nominasiyalar üzrə qaliblər elan olunacaq.
   Gənclər və idman nazirinin müavini İntiqam Babayev layihənin maraqlı və günün tələbinə uyğun olduğunu bildirdi. Qeyd olundu ki, gələcəkdə festivalın müxtəlif mövzular üzrə ənənəvi olaraq keçirilməsi nəzərdə tutulur.
   Qeyd edək ki, festivalın icraçısı “Sağlam Düşüncə” İctimai Birliyidir. Festivalın icraçı direktoru Ramin Ağasiyev tədbir çərçivəsində noyabrın 25-dən 28-dək Azərbaycanda ilk dəfə yaradıcılıq düşərgəsi - “Art Kamp” təşkil olunacağını dedi, burada ustad dərsləri və müxtəlif janrlar üzrə seminarlar keçiriləcəyini bildirdi.
   Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova festivalın keçirilməsi təşəbbüsünü dəstəklədiyini, gəncliyi doğru istiqamətləndirmənin zəruriliyini vurğuladı.
   
   Ceyhun