Diqqət, məşq gedir!
   
   Gənc Tamaşaçılar Teatrı yaxın vaxtlarda tamaşaçılara Bakı kəndlərinin maraqlı əhvalatlarını, gündəlik yaşam tərzini, adət-ənənələrini əks etdirən yeni səhnə əsəri təqdim edəcək. Teatrda Xalq yazıçısı Elçinin povestləri əsasında «Buzovna kəndinin əhvalatları» adlı tamaşanın məşqləri gedir. Tamaşanın məşqlərini izləmək üçün biz də yolu bu sənət ocağından saldıq.
   
   Zala asta-asta daxil olduq ki, nə aktyorlara, nə də rejissora mane olaq. Amma quruluşçu-rejissor Cənnət Səlimovanın, rejissor assistenti Nofəl Vəliyevin, aktyorların başı səhnə əsərinə elə qarışmışdı ki, gəlişimizi hiss etmədilər. Bakı kəndlərinin mühitinə bələd olan, həmin mühitdə yaşayan insanlar üçün bu tamaşanın xüsusilə doğma, tanış və maraqlı olacağını indidən təxmin edə bilərik. Amma məqsəd təkcə Bakı kəndlərinin koloritini təqdim etmək deyil. Yaradıcı heyət bu tamaşa ilə bir çox ideyaları tamaşaçılara çatdırmağa çalışır.
   Quruluşçu-rejissor məşq arasında vaxt tapıb «Buzovna kəndinin əhvalatları»ndan bizə də danışdı. Bildirdi ki, tamaşa Elçinin «Toyuğun diri qalması» və «Dolça» povestləri əsasında səhnələşdirilib: «Elçinin həddindən artıq oxunaqlı, maraqlı povest və hekayələri var. Bu əsərlərin bir neçəsini səhnələşdirmək çoxdankı arzum idi. Bu arzumu «Buzovna kəndinin əhvalatları» tamaşası ilə reallaşdırdım. İki povesti birləşdirib bir tamaşa yaratdıq. Rəngarəng talelər, alverçi Zübeydə, sərxoş Əmirqulu, onun bədbəxt arvadı Xeyransa, Ağabacı və onun böyük ailəsi-bunların hamısı «Buzovna kəndinin əhvalatları»nda baş verir. Bu taleləri komediya şəklində təqdim edirik. Tamaşa mənə çox yaxındır. Çünki mən bakılıyam. Uşaqlıqdan həmişə Bakı bağlarında istirahət etmişəm. Bu səbəbdən Elçinin bu əsərlərində təsvir edilən personajlar, söhbət açılan məsələlər mənə tanışdır. «Buzovna kəndinin əhvalatları»nda həm də Bakı nostalgiyasını təqdim etməyə çalışacağıq. Aktyorlar Abşeron ləhcəsi ilə danışırlar. Bu ləhcə tamaşada xüsusi mühit yaradır».
   Tamaşada Kubra Dadaşova, Nəsibə Eldarova, Nübar Novruzova, Elşən Çarhanlı, Sərvər Əliyev və digərləri rol alıb: “Onlar çox istedadlı və dili komik olan aktyorlardır. Onlarla bir tamaşada işləmək bir rejissor olaraq mənə çox xoşdur”.
   Rejissor assistenti N.Vəliyev də tamaşanın ideyasını açıqlayaraq bildirdi ki, əsas məqsəd keçmişimizi, öz köklərimizi unutmamaqdır: «Hara gediriksə gedək, bir çox məqamlar anamızın bizə bişirdiyi yeməkləri, bağlarımızda bitən ənciri, təndir çörəyini yadımıza salır. Rejissor buna görə bu mövzuya müraciət edir. Teatr repertuarının öz konsepsiyası, bir ideya xətti var. Bu tamaşada da teatrın öz konsepsiyasına xidmət edən çox şey var. Burada məhəbbətdən, sədaqətdən, böyük-kiçiyə hörmətdən, kasıbın əliaçıqlığından, ailələrin namus-qeyrət məsələsindən bəhs olunur».
   Tamaşanın baş rol ifaçısı Sərvər Əliyev saf, təmiz əqidəli kişi obrazını (Ağababa) canlandırmalıdır: «Ağababa qeyrətli kişi, adət-ənənələrə riayət edən, tək ailəsini deyil, qonşusunu da qoruyan saf, təmiz, pak bir insan obrazıdır. Əslində belə rollar bir çox əsərlərdə olub. Amma bunun fərqliliyi ondadır ki, Ağababa çox az danışır. Təlatüm, nigarançılıq, problemlər ancaq onun içindədir. Obrazın çətinliyi də ondadır ki, çox söz işlətmədən öz oyununla bütün bunları çatdıra bilməlisən. İnanıram ki, tamaşaçı bilet alıb tamaşaya gəldiyinə görə peşman olmayacaq. Tamaşaçılardan biri öz kəndinin hadisəsini xatırlayacaq, biri hansısa obrazda özünü tapacaq, digəri də nostalji hisslərə qapılacaq».
   Aktyor Ağababa obrazı ilə insanların son illərdə bir-birinə nə qədər yadlaşdıqlarını göstərəcək. Tamaşanın əsas ideya xətti də budur. Tamaşaçılar bir kəndin timsalında illər əvvəl insanların nə qədər mehriban, qayğıkeş olduğunu, indi isə nə qədər soyuqlaşdıqlarını anlayacaqlar: «Gənclər 20-30 il əvvəlki adət-ənənələrimizi, insanların, eləcə də qonşuların bir-birinə münasibətini biləcəklər. İndi insanların bir-birinə çox dağınıq münasibəti var. O vaxt 9 mərtəbəli binada hamı bir-birini tanıyırdı. İndi isə insanlar o qədər yadlaşıblar ki, üzbəüz qonşular belə bir-birini tanımır. Texnika inkişaf etsə də, insan hissləri ölə bilməz, daim yaşamalıdır. İnsan kompyuterdə internet vasitəsilə bütün dünyadan xəbər tutduğu halda, qonşudan xəbəri yoxdur. Bu isə biganəliyin son həddidir. Yəni insanlar bu qədər laqeyd olublar. Hesab edirəm ki, bu tamaşa insanların heç olmasa yatmış hisslərini oyadacaq”.
   Onu da qeyd edək ki, yazıçı Elçinin "Dolça" povesti əsasında 1985-ci ildə “Bağ mövsümü” (rejissor Tofiq Tağızadə), «Toyuğun diri qalması» əsəri əsasında isə 1989-cu ildə “Sahilsiz gecə” filmi (Şahmar Ələkbərov) lentə alınıb.
   
   Gülər Nizamiqızı