Gənc Tamaşaçılar Teatrı kitabxana və məktəb direktorunu mükafatlandırdı
   
   Dövlət Gənc Tamaşaçılar Teatrında «Biz teatrı sevirik» layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə çıxış edən teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov gənclərin dünyagörüşünün formalaşmasında səhnə əsərlərinin mühüm rol oynadığını, «Biz teatrı sevirik» layihəsinin bu məqsədlə həyata keçirildiyini bildirib. Sonra o, uşaq və gənclərdə teatra maraq hissinin aşılanmasında fəal iştirakına görə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyevaya və 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənovaya teatrın fəxri diplomlarını təqdim edib.
   Azərbaycan İctimai-Siyasi Universitetinin müəllim və tələbə kollektivi, Respublika Uşaq Kitabxanasının, 53 saylı orta məktəbin əməkdaşları, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin «Bura Vətəndir» məclisinin üzvlərinin iştirak etdiyi tədbirdə Ə.Haqverdiyevin «Pəri Cadu» əsərinin tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Lətifə Quluzadə, musiqi tərtibatçısı isə İradə Muradovadır.