«Simsar» Teatr Studiyası aprelin 23-də «Niyə?» tamaşasının premyerasını keçirdi. 2010-cu ilin mayında yaradılan teatr ikinci tamaşasını təhvil verdi. Studiya ötən il yanvarın 27-də Gənc Tamaşaçılar Teatrında «Vaqa» adlı ilk tamaşanın premyerasını keçirmişdi. R.Behbudov adına Mahnı Teatrında təqdim olunan «Niyə?» tamaşası satirik və yumoristik səhnəciklərdən ibarətdir.
   Tamaşanın ssenari müəllifi və rejissoru Əməkdar artist Pərviz Məmmədrzayevdir. Rolları aktyorlar Azər Rzayev, Murad Əliyev, Nicat Əlizadə, Elgün Həmidov, Sabir Məmmədov, Səbinə Namazova, Vaqif Əzizov və Pərviz Məmmədrzayev ifa edirlər.
   Tamaşadakı səhnəciklərin biri “Mənim” adlanır. Yalnız «Mənim» sözü işlədilən və həmin fikirlərin hərəkətlərlə təqdim olunduğu tamaşa insanların acgözlüyünü göstərir. «Şaşa-bulbul» səhnəciyində isə alovla çaydandan bəhs olunur. Bunun ardınca «Xəsis musiqiçi» satirik səhnəciyi təqdim olundu. Bu səhnəcikdə aktyorun öz bədəninə tərəf-müqabili kimi baxması təsvir olunur. Yolda pulsuz-parasız qalmış gəncdən bəhs edən bu səhnəcikdə aktyor ayağına köynək geyindirib burun qoymaqla özünü tənhalıqdan qurtarır. Özünə tapdığı bu tərəf-müqabilinin köməyi ilə çarəsizlikdən qurtarmaq üçün yol tapır. Sonda isə «Tutuquşular» adlı səhnəcik nümayiş olundu. Yumorla bol səhnəcikdə quşlar arasında da güclü və gücsüzlərin, hiyləgər və avamların olduğu göstərilir.
   
   G.Abdullayeva