Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi aprelin 24-də Tbilisiyə qastrol səfərinə gedib. Səfər Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunub.
   
   Kollektiv ulu öndər Heydər Əliyevin Tbilisidəki abidəsini və M.F.Axundzadənin Nəbatat bağındakı məzarını ziyarət edib. Yaradıcı heyət A.S.Qriboyedov adına Tbilisi Dövlət Rus Dram Teatrının böyük salonunda M.F.Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” komediyası əsasında hazırlanmış tamaşanı təqdim edib.
   Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovski, musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, mahnı mətnlərinin müəllifi Xalq artisti Aleksandra Nikuşina, geyim üzrə rəssamı Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, tərtibatçı rəssamı Tahir Tahirov, quruluşçu rəssamı Nikita Sazonovdur (Sankt-Peterburq). Tamaşada rolları xalq artistləri Mabud Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər Natalya Şarovskaya, Fuad Osmanov, Mələk Abbaszadə və digər aktyorlar ifa edirlər.
   Yeri gəlmişkən, tamaşa iyun ayında Rus Dram Teatrının Moskvaya qastrol səfəri zamanı da nümayiş olunacaq. Teatrın kollektivi Rusiyanın Xalq artisti, Rusiya Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyaginin rəhbərliyi ilə “Et Setera” Teatrının səhnəsində çıxış edəcək.