Kollektiv paytaxt sənətsevərləri ilə görüşə Mirzə Fətəli və Qoqolun iki məşhur əsəri ilə gəlib
   
   Gəncə Dövlət Dram Teatrı Bakıda qastrol səfərindədir. Kollektiv aprelin 30-u və mayın 1-də Akademik Milli Dram Teatrının səhnəsində iki tamaşa ilə - Mirzə Fətəli Axundzadənin «Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah caduküni-məşhur» komediyası və rus yazıçısı Nikolay Qoqolun «Evlənmə» pyesi əsasında hazırlanmış səhnə əsərləri ilə çıxış etdi.
   
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan və M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunan ikihissəli komediyaya teatrın baş rejissoru Gümrah Ömər quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyevadır. Rolları Xalq artisti Pərvanə Qurbanova (Şəhrəbanu), Əməkdar artist İlham Hüseynov (Müsyö Jordan), aktyorlar Eldəniz Tağıyev (Hatəmxan ağa), Elxan Abbasov (Dərviş Məstəli şah), Günay Verdiyeva (Şərəfnisə), Ləman Yusibova (Gülçöhrə), Elşad Əhmədov (Şahbaz bəy), Rəhilə Məmmədova (Xanpəri) və Rauf Hüseynov (Qulaməli) ifa edirlər.
   Qastrolla bağlı təəssüratlarını bölüşən Gümrah Ömər bildirdi ki, səfər onlar üçün hesabat xarakteri daşıyır: “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasında faktı konstatasiya etmişəm və qəti ehkamlar irəli sürməkdən çəkinməyə çalışmışam. Bizim məişətimizdə həqiqətən köhnəlmiş ənənələr, cəhalət, xurafat olub. Amma bu gün qloballaşma devizi altında itirdiyimiz bir çox gözəl dəyərlər var. Hatəmxan ağanın ailəsi Şahbaz bəyin Parisə getməsinə hər vasitə ilə mane olur. Onların seçdiyi vasitələrdən avamlıqları gün kimi aydın olur. Amma bəlkə də bütün baş verənlər yaxşılığa doğrudur. Tamaşanın premyerasını ötən ilin noyabrında etmişik. İndi də səhnə əsərini Bakı tamaşaçılarına təqdim edirik. Mən özüm Bakıda çalışmışam, buranın teatr mühiti mənim üçün əziz və doğmadır. Gəncədə də məhz yaradıcı atmosfer mənim üçün önəmlidir. Amma hər bir halda teatrlar fərqlidir. Hər birinin özünün strateji yönü var. Əsas odur ki, teatr yaradıcı sahədir. Bu hər şeydən öndə olmalıdır. Çünki bizim özümüzü realizə formamız budur. Gəncə teatrının uzun illər özünün gözəl ənənələri olub. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı gənclərin teatra axını, onlara özlərini sınaması üçün də mühüm zəmin oldu. Biz də Gəncə teatrı olaraq buna diqqət yetiririk”.
   Gümrah Ömər Gəncə Dram Teatrında çalışan gənc həmkarı İradə Gözəlovanın hazırladığı «Evlənmə» tamaşası barədə də fikirlərini bölüşdü: “Məndən sonra İradə Gözəlova teatra gəldi. Bakıya onun quruluş verdiyi «Evlənmə» tamaşasını gətirmişik. Maraqlı tamaşadır. Bu, İradə Gözəlovanın Gəncə teatrında ikinci işidir. Kollektiv onu sevir və düşüncə tərzinə bələddir. Bu inamla bu iş də ortaya gəldi. Qastrolu gənc rejissorlar olaraq hesabat səfərimiz də adlandıra bilərik. Onu da deyim ki, bu yalnız yenilik naminə hazırlanan tamaşalar deyil. Həm də tamaşaçıların qavrayışı, onların düşüncə tərzi, estetik zövqləri üçün nəzərdə tutulan səhnə əsərləridir”.
   Mirzə Fətəlinin 200 illik yubileyi münasibətilə iyun ayında keçiriləcək teatr festivalından söz açan rejissor bildirdi ki, tamaşanı dramaturqa mənəvi borc olaraq hazırlayıb: «Düşünürəm ki, festival əsl bayram olacaq. Biz belə festivalı arzulayırdıq və inanıram ki, o, teatrlar arasında əlaqəni, dostluğu, mehribanlığı və yaradıcı meyilləri inkişaf etdirməyə xidmət edəcək».
   Şahbaz bəy obrazının ifaçısı Elşad Əhmədovun da qastrol təəssüratını öyrəndik: “Bu əsər Azərbaycanın klassik dramaturgiyasının bir nümunəsidir. Dəfələrlə teatrlarımızda səhnəyə qoyulub. Bu rolu böyük aktyorlar ifa ediblər. Paytaxt tamaşaçıları qarşısında bu tamaşa ilə çıxış etmək ikiqat məsuliyyət tələb edir. Ən azından ona görə ki, burada sənət adamları, teatrşünaslar, sənətşünaslar çoxdur”.
   Müsyö Jordan rolunun ifaçısı İlham Hüseynov da obrazını özünəməxsus tərzdə ifa etməyə çalışdığını dedi: «Region teatrlarından Bakıya qastrola gəlmək məsuliyyətdir. Respublikanın bütün teatr biliciləri Bakıdadır və onların qarşısında çıxış edirik. Bizim tamaşa isə çox oynanılmış tamaşadır, ssenarisi əsasında film də çəkilib. Rejissorla çalışmışıq ki, tamaşada iştirak edən hər bir personaj nə iləsə fərqi olsun. Nəticəyə tamaşaçılar qiymət verəcək”.
   Xanpəri rolunun ifaçısı Rəhilə Məmmədova isə bu tamaşa ilə Türkiyədə keçirilən teatr festivalında çıxış edəcəklərini dedi: “Tamaşa hazırlanandan sonra Milli Dram Teatrının direktoru İsrafil İsrafilov təklif etdi ki, festivala qədər bu tamaşanı bir dəfə Bakıda oynayaq. Onu deyim ki, məşhur tamaşanı oynamaq çox çətindir. Odur ki, səhnə əsəri maraqlı alınsın deyə biz də çox çalışdıq. Tamaşa mayın 5-də Türkiyədə keçiriləcək festivalda təqdim olunacaq”.
   
   Gülər