İftixar Piriyev
   
   (əvvəli ötən sayımızda)
   
   Akademik Milli Dram Teatrının tamaşasında olduğu kimi, xəstəxananın reanimasiya şöbəsində cərəyan edən hadisələrin dramatizmində kulminasiya nöqtəsinə qədər bizi ruhən öz arxasınca gah göylərin yeddinci qatına aparan, gah da yerə endirən və bu minvalla bir xətt üzrə inkişaf edən, əsərin sonunda isə məlum bir nəticə ilə yekunlaşacağı bəlli olan bu tamaşanın ilk başlanğıcdan gözlərimiz önündə yaratdığı mənzərə həqiqətən də tamaşaçını əsrarəngiz bir aləmə salır. Səhnədə baş verən hadisələr Azərbaycan ədəbiyyatına yeni fikir, düşüncə tərzi, yeni ruh, üslub, yeni estetik baxış, mövzu orijinallığı gətirmiş, zəngin obrazlar qalereyası yaratmış və dərin fəlsəfi mahiyyət kəsb edən və aydın yol kimi görünən bir ədəbi məktəbin (həm də teatr sənətində “Elçin modeli”nin!) təməlini qoymuş görkəmli ədib, Xalq yazıçısı Elçinin təxəyyülünün növbəti, bənzərsiz və fəlsəfi yükü ilə insan düşüncəsini silkələyən əsərləri sırasında özünəməxsusluğu ilə fərqlənən “Teleskop” əsərinin bu tamaşası da əvvəlki kimi tamaşaçını elə ilk andanca öz ovsunu altına salır.
   Beləliklə, biz Akademik Milli Dram Teatrının “Teleskop”undan Rus Dram Teatrının “Teleskop”una istər-istəməz elmi-teleskopik nəzər salmaqla, çağdaş Azərbaycan teatrlarının inkişaf mənzərəsinin aydınlığına işıq tutmuş olacağımıza əminliklə, eyni zamanda, rus teatr estetikası ilə Azərbaycan teatr estetikası arasında müqayisəli paralellərlə onların inkişafında Elçin dramaturgiyasının yerini müəyyənləşdirmiş oluruq.
   Akademik Milli Dram Teatrında hazırlanan “Teleskop” tamaşasından fərqli olaraq bu tamaşanın bütün varlığı, yuxarıda qeyd etdiyimiz kimi, həlli buffonada elementlərinin özünəməxsus, maraqlı görüntü yaradan rəngarəngliyi və qrotesk oyun tərzinin vəhdəti ilə şux, əyləndirici və düşündürücü ovqat yaradan bir hadisə şəklində yaradılmışdır. Hər şey zarafatla deyilir, məzhəkə şəklində canlandırılır. Personajların hər birinin hadisələrə müdaxiləsi zamanı sonda oynanılan epizodların hər birinə hadisələrin ruhuna uyğun, güclü estetik təsir qüvvəsi yaradan maraqlı rəqslə nöqtə qoyulur. Bütün bunlar ona xidmət edir ki, yenə də təkrar olaraq qeyd edirik ki, rejissor İ.Tağızadə öz maraqlı yozumu ilə tamaşaçını inandıra bilir və ona diktə edir ki, hətta ən faciəvi hadisəni belə, istənilən vəziyyətdə və istənilən əhvalda təqdim etmək olar və istənilən hər hansı fikri, düşdüyü vəziyyətdən asılı olmayaraq, bütün mükəmməlliyi və tutumu ilə ifadələndirməklə tamaşaçıya təsir qüvvəsi yaratmaq mümkündür.
   Maraqlı cəhət bundadır ki, Akademik Milli Dram Teatrındakı “Teleskop” tamaşasında rejissor tamaşaçını yerlə göy arasındakı məsafədə yaratdığı bir vakuuma salırsa və bu vakuumda cərəyan edən hadisələrin az qala içinə daxil edə bilirsə, bununla da bu hadisələrin sarsıdıcı dramatizmi ilə tamaşaçını həyat həqiqətlərinə inandırmaq üçün dərindən düşünməyə vadar edə bilirsə, demək ki, bütün bunların hikmətində Azərbaycan teatr estetikasının yüksək bədii keyfiyyət kontekstində inkişaf nöqtəsinə yüksələ bildiyini ifadə edən bir amilin dayandığını söyləmək və məsələni bu cəhətdən dəyərləndirmək doğru olardı.
   Öz yüksək intellektuallıq qüdrətini heç vaxt itirməyən və həmişə inkişafda olan S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının “Teleskop və ya yuxuda və gerçəklikdə uçuşlar” adı altında oynanılan tamaşasında əsas olan bir cəhətə də diqqət yönəltməyi vacib hesab edirəm. Bildiyimiz kimi, buffonada və qrotesk, istər zahiri görünüş baxımından, istərsə də daxili emosional təzahür baxımından həddini aşmış gülüş anlamıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, bu tamaşanın janrı məhz buffonada elementləri ilə qrotesk oyun tərzinin vəhdəti kimi müəyyənləşdirilmişdir. Lakin burada qroteskin içində sezilən və bütün hallarda qroteskə güc gələ bilən, kədərdən doğan gizli göz yaşlarının, yəni Elçinin təqdim etdiyi mətnaltı kədərlə örtülmüş dərd, qəm, ictimai problem, labirintə düşmüş, dilemma qarşısında qalmış və sağalması bir türlü çətinliklərdən keçən insani məsələlərin həllinin kədərli notlarla inləyən yükü rejissorun təklif etdiyi oyun janrını zorlayır, öz təsir qüdrəti ilə istər-istəməz janrın gücünü zəiflədir və əsərin məzmun yükünün təsiri altına salmağa çalışır, hətta salır da.
   Bu tamaşaya baxarkən adama elə gəlir ki, əyləncəli bir situasiyada hadisənin gedişatının kədərlə dolu məzmunu, bu hadisələrin nə qədər qeyri-adi və məzhəkə donuna salınmasına, zövqlə qurulmuş və professionallıqla ifa olunan, bir-birindən fərqli, gözəl rəqslərlə zənginləşdirilməsinə, tamaşaçı ilə həssas, incə və baməzə ünsiyyət yaratmaq cəhdlərinə baxmayaraq, insan bütün gözəlliklərlə əhatələnmiş gözoxşayan mənzərənin və bunun içində bir-birini tamamlayan mükəmməl mizanların zəngin qrafikasının dinamik təsirindən, nəhayət, özlüyündə orijinal bir səhnə əsəri kimi yüksək dəyərə malik olan bu tamaşada tamaşaçının nə qədər xoş əhvalda olmasına baxmayaraq, gülüşün təsirinə düşməkdən daha çox, sona qədər təklif olunmuş vəziyyətdə yaranmış gərginlik, hadisələrin dramatik dəyişikliyi insanı əylənməkdən daha çox dərindən düşünməyə vadar edir.
   Düşünürsən ki, belə olan surətdə tamaşanın janrında qüsur axtarmaq yerinə düşərmi? Dərindən fikirləşdikdə görürsən ki, bu, insafsızlıq olardı. Bəs onda anlaşılmazlıq nədən ibarətdir ki, belə şux, oynaq və başdan-ayağa qədər gülüş zənginliyinə malik bir janrda çox böyük zövq və ustalıqla hazırlanan bu səliqəli tamaşada başqa ovqata köklənirik? Bir qədər də geniş düşündükdən sonra anlaşılır ki, vəziyyətin belə hal almasının bircə səbəbi var, o da rejissorun yozumuna, mizanların qurulmasına, oyunun təyinatına, geyimlərin həllinə, tamaşanın əhvalını janra uyğun yarada bilən Əməkdar mədəniyyət işçisi Vladimir Neverovun zəngin musiqi tərtibatına, hadisələrin inkişafını zərgər dəqiqliyi ilə izləmək imkanı yaradan işıq üzrə rəssam Rəfael Həsənovun mükəmməl işıq effektlərinə, Əməkdar artist Fuad Osmanovun qurduğu xoreoqrafik səhnələrin gözəlliyinə, İsa Əsədov və Raqib Axundovun kaskadyor tryuklarının dəqiqliyinə, aktyor heyətinin (T.Rəhimov, İ.Mehdiyev, F.Bəhramov, M.Dubovitskaya, E.Hüseynli, M.Varobjanskaya, Y.Trifonov, E.Tahirov, N.Abdulsəlimov) can-qəlbdən yaratdıqları obrazların rəngarəngliyinə öz hökmünü diktə edən, böyük təsir qüvvəsinə malik olan və bu gücü qoruyub saxlaya bilən müəllif “mən”inin yaratdığı fəlsəfi qüdrət dayanır. Və ədəbi materialın fəlsəfi gücü, psixoloji yükü janrı öz təsir qüvvəsi ilə yükləyir və öz təsirindən çıxmağa qoymur. Buna görə də nəhayətdə səliqəli zövqlə hazırlanmış bu səhnə əsərində tamaşaçı özünü daha çox müəllif mətninin yükü ilə yüklənməyə üstünlük verir və bu da tamaşanın uğursuzluğuna deyil, məhz rejissorun həllinə nail olduğu oyunla əylənən tamaşaçının məzmunla yüklənməsini həssas həyata keçirə bilməsinin təzahürüdür və bu, onun sənətkarlıq qüdrətinin ifadəsidir.
   Bu məqamda mən diqqəti bir vacib məsələyə də yönəltməyi doğru hesab edirəm. Azərbaycanda rus teatr sənətinə tamaşaçı marağı həmişə yüksək olmuş və ümumən rus teatrlarının tamaşaçı səviyyəsi də bu miqyasla ölçülmüşdür. Lakin Azərbaycan teatr sənətinə maraq son vaxtlara qədər qismən zəifləmişdi və buna görə də tamaşaçı səviyyəsi bir qədər aşağı düşmüşdü. Son illərdə teatrlarımızda hazırlanan bir sıra tamaşaların premyeralarında ziyalı təbəqəsinin tez-tez görünməsi nəticəsində tamaşaçı səviyyəsinin xeyli yüksəlməsi nəzərə çarpır. Bu amil məhz Azərbaycan teatr sənətinin inkişaf miqyasının göstəricisi kimi dəyərləndirilməlidir. Heç şübhəsiz ki, Azərbaycanda rus teatr sənətinin səviyyəsinin həmişə yüksəkdə saxlanılmasında və milli teatrımızın yeni inkişaf mərhələsinə qədəm qoya bilməsində, rus ədəbi nümunələri ilə yanaşı, Azərbaycan ədəbi nümunələrinin də böyük yeri vardır. Azərbaycan teatr sənətinin səviyyə etibarı ilə son vaxtlarda yüksəlişində isə Elçin dramaturgiyasının təsiri danılmaz bir fakt kimi özünü parlaqcasına göstərir. Bu mənada “Teleskop və ya yuxuda və gerçəklikdə uçuşlar” tamaşası, dəyişən dünyamızın idrak və təfəkkür arenasında çevik dinamikaya söykənən modern teatr estetikası prinsiplərinin xüsusiyyətlərinə xas olan sənət nümunəsi kimi hazırlanmış və bu estetika orqanikasında çağdaş tamaşaçı tələbinə və zövqünə qida verə biləcək qüvvəyə malik olduğu, səhnədən tamaşa salonuna çox üzvi şəkildə yayılan ovqatın tamaşaçılarda yaratdığı emosional təsir qüdrəti ilə özünü ifadə edirdi. Belə tamaşaların respublikamızın teatr məkanında - istər Azərbaycan teatrlarında, istərsə də rus teatrının səhnəsində yer almasının həm çağdaşlıq, həm də estetik baxımdan müasir tamaşaçı zövqünün zənginləşməsinə xidmət edə biləcək bir missiyanın həyata keçməsinə şərait yaradacağına heç bir şübhə qalmır.
   Tamaşadan sonra səhnə əsərini bizimlə birgə izləyən hörmətli alimlərimiz, sənətşünaslıq üzrə fəlsəfə doktorları Nərminə Ağayevaya və Rəcəb Məmmədova sual verdim: “Təəssüratınız necədir?” Nərminə xanımın cavabı belə oldu: “Müəllif qayəsinin dərin-fəlsəfi “mən”i ilə rejissorun əsərə orijinal yanaşma harmoniyasının ovqatını gördüm”. Rəcəb müəllim “Tamaşadan zövq aldım. Həqiqətən də əsərə orijinal yanaşılıb”, - deyə cavab verdi.
   Hər iki alimin dəyərli fikirləri içimdə düşündüklərimin həqiqətinin təsdiqinə təkan verdi. Şübhəsiz ki, Elçin dramaturgiyasının özünəməxsusluğu müasir düşüncə dairəsinin diqqət mərkəzində dayanır və mən heç yanılmadan onun əsərlərinin tamaşaları haqqında yazarkən məhz ədibin yaradıcılığındakı qeyri-adiliyini, təkrarsızlığını, bitkinlik və dolğunluğunu, məna dərinliyindəki çoxcəhətliliyini, novatorluğunu, əsərlərinin məzmun və mahiyyətindəki gələcəyə istiqamət alan yeniliyini, eyni zamanda, klassikaya çevrilə bilən çəkisini diqqət mərkəzinə gətirməklə hesab edirəm ki, Elçin müasirdir, Elçin klassikdir.