Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin pyesi əsasında səhnələşdirilmiş “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası Moskvanın “El Cetera” teatrında böyük uğurla ilk dəfə nümayiş etdirilib.
   
   Azərbaycanın Xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluş verdiyi və böyük ədibin 200 illik yubileyinə həsr olunmuş tamaşa ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə nümayiş olunub. Tamaşanın quruluşçu rəssamı Nikita Sazonov, geyim üzrə rəssamı Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, bəstəkarı Əməkdar incəsənət xadimi Vaqif Gərayzadədir.
   Tamaşadan əvvəl Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək Azərbaycan klassikinin parlaq əsərlərindən biri əsasında səhnələşdirilən tamaşanın Moskva teatrsevərlərinə təqdim edilməsini ölkənin mədəni həyatında əlamətdar hadisə adlandırıb. O, ümidvar olduğunu bildirib ki, moskvalılar teatrın yaradıcılığını, onun qeyri-adi cənub temperamentini, bakılılara xas gözəl yumor hissini layiqincə qiymətləndirəcəklər.
   Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin pyesinin Moskvada göstərilməsinin fərəhli və əlamətdar hal olduğunu bildirib. Səfir qeyd edib ki, bu il Heydər Əliyev Fondunun dəstəyi ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının binasında M.F.Axundzadənin heykəli açılacaq: “Bu, mədəniyyətlərimizin, dövlətlərimizin və xalqlarımızın qarşılıqlı münasibətləri tarixində mühüm hadisədir”.
   Azərbaycan teatrının tamaşası böyük uğurla keçib. Tamaşaçılar aktyorların gözəl oyununu alqışlarla qarşılayıblar.