Nüans 
   
      
   “Teatr qarderobdan başlayır” - bu ifadəni yerli-yersiz təkrarlamağı sevənlər var. Bir çoxları bu zaman məsələnin inzibati tərəflərini nəzərdə tuturlar. Necə deyərlər, kimə necə sərf edir. Amma bu günün kulturoloji mənzərəsi başqa mənaları diktə edir. Yəni bu artıq keçmiş sovet tamaşaçısının mədəni olmaq, teatra qoşulmaq qavrayışını tələb etmir. Hər şey art aksiyaya çevrilir. Zamanın tələbi budur.
   
   Zamanın dəyişən tələbatları içində sadəcə seyrçi olmamaq, qəhrəman olmaq, “mən”ini qaranlıqdan ortaya, işığa çıxarmaq, arzusunu realizə etmək üçün növbənöv proqramlar, insan resursları ilə işləyən layihələr var. Sosial şəbəkələr insanlara bu işdə kömək edir. Yarı canı “Facebook”da yaşayanlar var. Bu imkanlar insanlara nə verdi? Daha çox ünsiyyət imkanları oldu. Əlçatan oldular. Amma daha artıq yalnızlaşdılar. Bir-birindən asılı oldular...
   Bu qədər dərinə getmədən teatra qayıdaq. Əslində sənin tamaşan teatra daxil olduğun andan başlayır. Qarderobçudan, inzibatçıdan, tamaşaya gələn başqa tamaşaçılardan. Tamaşanı, filmi izlədiyin şərait çox önəmlidir. Bir dəfə mən teatrlarımızdan birində qadın məhəbbəti haqqında tamaşaya baxırdım. Bütün tamaşa boyu yanımda əyləşmiş qadın əhvalata, geyimlərə, aktyor və aktrisalara şərh verir, deyinirdi. Baxa bilmirdim. Əsəblərim qıcıqlanırdı. Bir qədər sakit olmasını istədim. O, şərhlərini dayandırdı, əvəzinə köks ötürmələr, gülümsəmələr, əlini dizinə çırpmalar işə düşdü. Məni bu səslər yox, bu hərəkətlərin sözsüzlüyü narahat edirdi. Görəsən, o niyə köksünü ötürdü, əlini dizinə çırpmaqla nə demək istədi? Bu qadın özü də bilmədən tamaşanı aktyorlardan oğurlamışdı. Yanındakı ilə pıçıldaşıb qalxdı və o getdikdən sonra mən darıxmağa başladım. Bu, ağrıyan dişi çıxardıqdan sonra yerində boşluq hiss etmək kimidir. Tamaşam pozuldu. Qalmağın mənası yox idi. Onların ardınca mən də çıxdım. Qapıçı qadına qarşı belə qəzəbli idim. Səbəbini bir tək özüm bilirdim...

   Aliyə