Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı solisti, Əməkdar artist Nərgiz Kərimova noyabrın 16-dan 18-dək Qazaxıstanda gənc operetta ifaçılarının “DOCSTAR” I Beynəlxalq açıq müsabiqəsində iştirak edəcək. Müsabiqə Qazaxıstan Akademik Musiqili Komediya Teatrında keçiriləcək.
   Nərgiz Kərimova 1989-cu ildə Bakıda “Qızıl payız” respublika müsabiqəsinin, 1990-cu ildə Moskvada “Yeni adlar” III ümumittifaq müsabiqəsinin laureatı olub. 1991-ci ildə Almatı şəhərində keçirilən M.Qlinka adına XIV Beynəlxalq vokalçılar müsabiqəsində uğurlu çıxışına görə diplomla təltif edilib.
   2002-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərən aktrisa “Talelər qovuşanda» tamaşasında Nərgiz, “Aldın payını, çağır dayını”da Süsən, “O olmasın, bu olsun”da Gülnaz, “Qısqanc ürəklər”də Səbinə, “Arşın mal alan”da Gülçöhrə, “Xanuma”da Keto kimi rolları özünəməxsus ustalıqla oynayaraq yaddaqalan obrazlar yaradıb.